Qonaq Kitabı
Üzünü görsə əgər gəbrlər iymanə gəlir

 

Üzünü görsə əgər gəbrlər iymanə gəlir,
Küfrdən əl götürüb, rahi-müsəlmanə gəlir.

Baxmasınmı sana ayinəvü həm abi-rəvan,
Aparır feyzi-bədən, hər ikisi canə gəlir.

Gün sərasimə səri-kuyuna ilğar gecədən,
Necə bir qul duruban xidməti-sultanə gəlir.

Düşmək istər şəmi-rüxsarına zülfi-siyəhin,
Bəxtinin qarəliyin gör, oda pərvanə gəlir.

Xət bu məzmun ilədir dövri-ləbində, guya
Ləşkəri-hind tutub Rumi, Bədəxşanə gəlir.

Zindəganlıq mana düşvardır ondan sonra,
Bar-ilaha, mana gəlsin, nə ki, cananə gəlir!

Qorxuram Zakiri hicrin ğəmi bir halə sala,
Görən adəm deyə "vay-vay!.. budu, divanə gəlir".




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info