Qonaq Kitabı
Kim varıb kuyinə ol qaməti-rənayə baxar

 

Kim varıb kuyinə ol qaməti-rənayə baxar,
Elə bilsin ki, girib cənnətə, tubayə baxar.

Mərdümi-didələrin əksi, gözümdə guya,
Şahi-hindu oturub gəştidə, dəryayə baxar.

Dəhəni rəmzini bilmək bizə, bənzər ona kim,
Tifl əbcəd oxuyar, elmi-müəmmayə baxar.

Atəşi-rəşk məni yandıdı, şəmi keçirin
Ki, məbada rüxi-gülrənginə həmsayə baxar.

Yay qaşı altıda mərdümləri çeşmi-siyəhin,
İki tərsa-beçə san taqi-gəlisayə baxar.

Bitəməina baxar ol arizə çeşmim, əmma
Dilrüba öylə bilir özgə təmənnayə baxar.

Olma məğrur, gözüm, zülfdən öyrən ədəbi,
Nə qədər olsa işi üzdə anın, payə baxar.

Nola nəzzareyi-rüxsarına el cəm olsa,
Eydi-novruz gələn dəmdə kişi ayə baxar.

Təlxkam etmə bizi, saqi, çəkil bir tərəfə,
Ləbi-meygunu görən sağəri-səhbayə baxar?

Dəftəri-bərgi-gülü almış ələ badi-səba,
Bülbülün baqisi var, hasili-sövdayə baxar.

Dedilər, var fələkdə sana manənd, Məsih,
Yoxdu, bihudə çıxıb ərşi-müəllayə baxar.

Vamiqü Qeys dəm urmaz dəxi aşiqlikdən,
Rəvişi-eşqdə gər Zakiri-şeydayə baxar.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info