Qonaq Kitabı
Cahan içrə mənim bir dilbəri-namehribanım var

 

Cahan içrə mənim bir dilbəri-namehribanım var,
Nə cövrinə şəxibim, nə cəfasına təvanım var.

İtibdir nəqdi-can qaşü gözü ğəmzə arasında,
Hər üçü bassın əl ol müshəfi-hüsnə, gümanım var.

Həzər qıl qaməti-xəm birlə ahi-cangüdazımdan,
Mühəqqər sanma, ey çərx, adəməm, tirü kəmanım var.

Səri-kuyin səfadə rövzeyi-rizvandan artıqdır,
Necə həqdən keçim mən göz görə, dinim, imanım var

Cəfavü rənc çəkdim gənci-hüsnündən olam faiz,
Tutub ətrafını əf'i, bu sövdadə ziyanım var.

Nolar ahu gözün fikri mənim çeşmim vətən tutsa,
Gədayəm, həqdi, yaxşı otlağım, abi-rəvanım var.

Bu dağ ilə ğəmim yox, qanda varsam aliqədrəm mən,
Əgərçi urəm, amma bir şəhənşəhdən nişanım var.

Nə müddətdir qara günlü könül zülfilə xu tutmuş,
Qayıtmaz, bir deməz axır dağılmış xanimanım var.

Diyari-hicrdə sənsiz nə qanlar udmuşam, gör kim,
Dəmi, dilbər, ayaq saxla, sana şərhü bəyanım var.

Sizi tarı, mürüvvətdirmi ol birəhmü səngindil
Edər əğyar ilə işrət, deməz bir natəvanım var.

Sərasər əhli-aləm şikvə etsin cövrü zülmindən,
O, xatircəmdi kim, Zakir kimi övsafxanım var.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info