Qonaq Kitabı
Dəmadəm bəhs edir bülbül mənimlə xürdədanlar tək

 

Dəmadəm bəhs edir bülbül mənimlə xürdədanlar tək,
Deyir: çoxdur bu gülşəndə sizin qönçədəhanlar tək.

Əsib badi-müxalif, sındırıb nəxli-təmənnamı,
Dolannam zarü sərgərdan cəfakəş bağbanlar tək.

Görünməz bir əsər dövri-rüxündə tari-zülfündən,
Yatıb gündüz kəmingəhdə, gecə karvanvuranlar tək.

Mana bu zəfü bihallıq, saqınma, parlikdəndir,
Gözün fikri məni yornuq salıb ahuqovanlar tək.

Eşitmiş xəstəhaləm, göndərib şux ğəmzə peykanın,
Tutar gəh-gəh rəgi-canı təbibi-mehribanlar tək.

Dili-divanə müddətdi gedib, başımdan olmuşdu,
Genə zalim bu gün çıxdı bəlayi-nagəhanlar tək.

Şikəstə, Zakirəm, ey məh, rüxü zülfün xəyalilə
Dəmadəm piç-piç ollam, oda düşmüş ilanlar tək.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info