Qonaq Kitabı
Müştaqi-ləbin sağərü səhbayə baxarmı?

 

Müştaqi-ləbin sağərü səhbayə baxarmı?
Bir göz ki, səni görməyə, dünyayə baxarmı?

Aludeyi-qəddü rüxü çeşmin olan aşiq,
Sərvü səmənə, nərgisi-şəhlayə baxarmı?

Yüz mövsimi-gülzar ola, dilgiri-cəmalın
Suyi-çəmənə, canibi-səhrayə baxarmı?

Bir kimsəyə xürşid cəmalın ola mənzur,
Mehri-fələyə meyl qılıb, ayə, baxarmı?

Həmrahi-rüxüdür edərəm zülfə təəccüb,
Ha böylə işi üzdə olan payə baxarmı?

Ya dust!-deyib, dad eləsəm yar eşigində,
Yarəb, görəsən bir məni-rüsvayə baxarmı?

Məktubunu mən xəstənin, ey qasidi-həmraz,
Ver sürət ilə, gör büti-tərsayə, baxarmı?

Gər desə: sabah mən dəxi gəlləm, hələ sən ket,
Ərz eylə: əcəl zabiti fərdayə baxarmı?

Zakir, kəs ümidi-nəzəri-mərhəmət ondan,
Kim padşahi-hüsn olan ədnayə baxarmı?




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info