Qonaq Kitabı
Olur gəh-gəh nümayan sinədə narinc püstanı

 

Olur gəh-gəh nümayan sinədə narinc püstanı,
Təəccüb eylərəm, aya, bu sərvin kimdi dehqanı?

Dələr bağrım, tökər qanım, görəndə, qadiri-biçun,
Əsiri-beylə kafir etməsin heç bir müsəlmanı.

Eşitmiş əzmi-seyrin, bilməzəm, əhli-çəmən kimdən,
Bu gün şimşadü sərvin yox əyağə durmaq imkanı.

Tənimdə qalmadı bir xali yer ğəmzən xədəngindən,
Olur abad hər mülkün ədalət olsa sultanı.

Həyati-cümlə əşyayə səbəb feyzi-vücudundur,
Rəvan olma, çıxar ayinəvü abi-rəvan canı.

Mücəm mənzuməsi zəbt edə bilməz əşk seylabın,
Xəsü xaşak ilə tutmaq olurmu Bəhri-Ümmanı?!

Bu çərxi-pürcəfadən, Zakira, kəs rahət ümmidin,
Muradınca dolanmaz kimsənin bu dövr dövranı.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info