Qonaq Kitabı
Olubdur məclis-ara sağəri-mina çəmənlərdə

 

Olubdur məclis-ara sağəri-mina çəmənlərdə,
Salıb səthi-zəminə nəqşi-pürziba çəmənlərdə.

Nəsimi-canfəzayi-novbaharı zərrəcə, ey dil,
Bir asari-küdurət qoymayıb qəta çəmənlərdə.

Məzaqi-təlx olur şirin bu fəslin xani-vəslində
Mühəyyadır sərasər neməti-üzma çəmənlərdə.

Dəmi-nitqi-Məsiha tək müəssirdir dəmi sübhün
Ki, feyzindən olur əmvatlər əhya çəmənlərdə.

Əyağinə düşüb eylər təvazö hər kimi görsə,
Götürmüş lalə başə sağərü səhba çəmənlərdə.

Şəqaiq-daməni-kuhsardə, gül-bağ arasında,
Tutubdur hər biri bir mənzilü məva çəmənlərdə

Qərənfil, nəstərən, nərgis, bənövşə, ərğüvan, lalə
Zəbani-hal ilə şövqün qılır peyda çəmənlərdə.

Urarlar qumrilər cəh-cəh, gülərlər kəbklər qəh-rəh
Tutubdur aləmi yeksər əcəb qovğa çəmənlərdə.

Yetən tək şəmə pərvanə, verib can müft kam aldı
Düçar olmuş ona gör kim, nə xoş sövda çəmənlərdə.

Salıb bazari-eşq içrə hərami ğəmzələr talan,
Mətai-dinü dil olmuş genə yəğma çəmənlərdə.

Veribdir özlərinə ziybü zinət nazənin bütlər,
Gəzərlər hər tərəf sərməstü bipərva çəmənlərdə.

Nə vəqti-xabdır, dur, məsti-nazım, seyri-səhra qıl,
Təmamən aşinavü həmdəmü həmta çəmənlərdə.

Rüxi-alı xəyalilə sızıldar bu dili-şeyda
Gecə ta sübh olunca əndəlib asa çəmənlərdə.

Yanında hər kəsin yarı, kəsilmiş naləvü zarı,
Mürüvvətdir, sizi tarı, qalam tənha çəmənlərdə?!

Olub Məcnunsifət bir Leylivəş dildardən ötrü,
Ədəb tərkin qılıb Zakir, gəzər rüsva çəmənlərdə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info