Qonaq Kitabı
Yox məndə bəs ki, tabü təvan hicr dağına

 

Yox məndə bəs ki, tabü təvan hicr dağına,
Çarə budur: özümu yıxam xüm ayağına.

Bir ləhzə kafirəm, çıxa meyxanədən əgər,
Zöhd əhlinin dəgə meyi-gülgün dodağına.

Hər kim dilərsə rahəti-dünyavü axirət,
Versin özün o piri-müğanın bucağına.

Yüz fərqi var badə ilə abi-kovsərin,
Su içsin, ol kəsin dəgə bu söz damağına.

Can sədqə olmasınmı ki, əbrulərə, edər
Peyvəstə şərhi-halımı yarın qulağına.

Pürpiç zülfü qaməti-sərv üzrə, der görən,
Mari-siyahlərdi çıxar gül budağına.

Can qılsa pişvazi-xadəngin əcəb degil,
Lazımdı mizəbanə təvazö qonağına.

Ey didə, qoyma əşki gedə kuyi-dilbərə,
Mərdüm gərəkdir ögrədə adab uşağına.

Kəs şəm başını, uzadır dil üzarına,
Zahirdə baxma hiylə ilə ağlamağına.

Xari-mücəmdən etməsə əndişə, Zakira,
Sərvi-səhi basardı qədəm göz bulağına.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info