Qonaq Kitabı
Bu növi ki, çərxi-fələk

 

Bu növi ki, çərxi-fələk
Bizim ilən mədar eylər,
Az çəkər ruzigarımı
Zülfün tək tirə-tar eylər.

Su oynağı olan mənzil
Səbz olmaya, mümkün deyil;
Göz yaşı tökdükcə könül
Dəxi də çox ğubar eylər.

Yolunda keçmişəm sərdən,
Əbəs yerə bəyaz gərdən
Belə ki, saldı nəzərdən,
Kim mana etibar eylər.

Zülfündü pəri-pərvazın,
Kimdir ki, çəkməyə nazın.
Dəmbədəm çeşmi-şahbazın
Dil mürğünü şikar eylər.

Ğəm ləşkəri dəstə-dəstə
Hər tərəfdən gəlir üstə;
Bilməzəm, Zakiri-xəstə
Onsuz necə qərar eylər?!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info