Qonaq Kitabı
Könül, uyma bivəfayə

 

Könül, uyma bivəfayə,
Axır səni xərab eylər;
Salıb eşqin atəşinə,
Cigərini kəbab eylər.

Dil bağlama bir dilbərə,
İstər yolunda can verə.
Beş gün keçməz, əbəs yerə,
Görərsən, inqilab eylər.

O zaman ki, dönər üzü,
Bəhanəli olar özü,
Açar, çəkər, iki sözü
Uzadıb bir kitab eylər.

Onlarda olmaz, müxtəsər,
Mehrü məhəbbətdən əsər.
Sana biganədən betər
Cəfa verib, əzab eylər.

Zakir, sevən kəs növcəvan
Gərək eyləyə imtəhan.
Sonradan olur peşiman
Hər kimsə ki, şitab eylər.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info