Qonaq Kitabı
Bu gün-bayram günü səhni-çəməndə

 

Bu gün-bayram günü səhni-çəməndə
Gördüm nazəninlər xürrəm oturmuş.
Mənim yarım nə danışır, nə dinir,
Oların içində əbsəm oturmuş.

Oturub tək-tənha, qarışmır cəmə,
Nə söhbətə qulaq asır, nə dəmə,
Bənzəyir aşiqi ölən sənəmə,
Əlləri qoynunda, pürğəm oturmuş.

Seyğəlsiz, sürməsiz gözlər ilə qaş,
Dağınıqlı geysu, pozunuqlu baş,
Çöhreyi-alında qətrə-qətrə yaş,
Sanasan, gül üzrə şəbnəm oturmuş.

Soruşdum qızlardan, allahı sevən,
Neçin mükəddərdi o ğönçədəhən?
Dedilər: eşidib, ey bivəfa, sən
Olmusan özgəyə həmdəm, oturmuş.

Sürünüb payinə, eylədim əfğan:
İnanma bu sözə, yalandır, yalan!
Şikəstə Zakirəm, hüsnünə heyran,
Oxların sinəmdə möhkəm oturmuş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info