Qonaq Kitabı
Eşitdim gözəllər seyrə çıxıbdır

 

Eşitdim gözəllər seyrə çıxıbdır,
Getdim, gördüm canlar alan gəlməmiş.
And verib soruşdum bir-bir, dedilər:
Fəqir, səni şeyda qılan gəlməmiş!

Əyyami-zimistan keçib, gələ yaz,
Mükəddər xatirim bir dəm açılmaz;
Yüz min təbib olsa yaram sağalmaz,
Özü məni dərdə salan gəlməmiş.

O sərvəri-xuban, o şahi-sənəm
Mübarək əlilə etməsə mərhəm,
Gözümün qan-yaşı qurumaz bir dəm,
Oxu sınıb dildə qalan gəlməmiş.

Müsəlsəl keysusun töküb rüxsarə,
Siyah sürmə çəkib çeşmi-xumarə;
Dəli könül, gör başına bir çarə,
Gözü sərxoş, zülfü ilan gəlməmiş.

Zakir ilə yoxdür ülfəti əgər,
Cəm imiş dərində eşq əhli yeksər;
Təkəllümə gəlib vəfalı dilbər,
Soruşub: bəs neçin filan gəlməmiş?"




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info