Qonaq Kitabı
Ey bimürvət, məni cana yetirdin

 

Ey bimürvət, məni cana yetirdin,
Munca cövrü cəfa birdən olurmu?
De görüm ki, neyləmişəm sana mən,
Azürdəlik əbəs yerdən olurmu?

Gözlərin nərgizə verib əzabı,
Ləbin xəcil eylər şərabi-nabı,
Üzarın ərəqi, hüsnün gülabı
Yasəməndən, güli-tərdən olurmu?

Bəstəri-möhnətdə xəstəhalam mən,
Təbiblərdə yoxdu dərdimi bilən;
Göz yaşilə namə yazsam, görəsən,
Bizə çarə o dilbərdən olurmu?

Yeridikcə eylər o şuxi-şəhbaz
Al çarqatın ucu havada pərvaz;
Belə işvə, belə ğəmzə, belə naz,
Belə qamət, belə gərdən olurmu?

Gözəl olan gərək dünyadə möhkəm,
Unutmaya yarın bir saat, bir dəm,
Sək, rəqib sözilə, sevdiyim adəm,
Zakir kimi süxənvərdən olurmu?




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info