Qonaq Kitabı
Əyyami-zimistan keçdi, sevdiyim!

 

Əyyami-zimistan keçdi, sevdiyim!
Dur seyr elə, işrət baharıdır bu!
Rəna qamətinə baxıb xəlayiq
Desinlər ki, kimin nigarıdır bu?

Sübhədən qolboyun yatmaq çağıdı,
Dərdü ğəmi kənar atmaq çağıdı.
Gəl savaşma, alıb satmaq çağıdı,
Keçirmə, məhəbbət bazarıdır bu.

Can quşun, ey əcəl, arasan təndə,
Onun hökmü nə səndədir, nə məndə;
Qaçıb daldalanıb künci-bədəndə,
Bir laçın gözlünün şikarıdır bu.

Hər aşiq ki, gəlsə səri-kuyinə,
İlişir yüz yerdən tari-muyinə.
Könül çox dolanır dövri-ruyinə,
Heç deməz, hərami güzarıdır bu.

Əmanətim budur, allahı sevər,
Nəşimi yol üstə dəfn eyləsinlər.
Ötəndə, keçəndə vəfalı dilbər,
Desin Zakirimin məzarıdır bu!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info