Qonaq Kitabı
Bu dövri-fanidə beş gün kişinin

 

Bu dövri-fanidə beş gün kişinin
Bir yaxşı, vəfalı yarı gərəkdir.
Aralığa rəqib girə bilməyə,
Bir-birinə etibarı gərəkdir.

Əhdi dürüst ola, iqrarı möhkəm,
Gözündən irağa düşəndə bir dəm
Nə könlü açıla, nə ola xürrəm,
Fikri, zikri sənin sarı gərəkdir.

Yadlar ilə danışmaya, gülməyə,
Namünasib yerə gedib-gəlməyə,
Hər sözü şəninə layiq bilməyə,
Namusu, ğeyrəti, arı gərəkdir.

Naməhrəmə görünməyə, yan gəzə,
Bihəya olmaya, adü san gəzə,
Amma öz evində alişan gəzə,
Ala, verə, ixtiyarı gərəkdir,

Cahillik zamanı keçibdir əgər,
Genə yüz naxələf oğlana dəyər;
Piranəsərlikdə bir belə dilbər
Yetirə Zakirə tarı, gərəkdir.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info