Qonaq Kitabı
Dost kuyindən bir gələn yox soruşaq

 

Dost kuyindən bir gələn yox soruşaq,
Görək həmdəm indi o yarə kimdi?
Oturub üzbəüz edən tamaşa
Doyunca çöhrəvü üzarə kimdi?

Adətdir, baxarlar qaşları yayə,
Nəzzarə edərlər rüxi-zibayə.
Mən düşmüşəm nahaq dami-bəlayə,
Baxmayan türreyi-tərrarə kimdi?

Yanaram şəm tək gecə sübhədən,
Karü şüğlüm olub- naləvü şiyvən.
Bu qədər dərində sızıldaram mən,
Bir yol deməz; "görün biçarə kimdi?"

Gizlədim bir müddət, infial etdim,
Nə bir söz danışdım, nə də qal etdim.
Qan olmadı bu gün şərhi-hal etdim,
Deməyən dərdini dildarə kimdi?

Kuhkənin ev tikməkdi binası,
Həyat verir Qeysə seyri-səhrası;
Hər kəsin var bir mənzilü məvası
Aləmdə Zakir tək avarə kimdi?




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info