Qonaq Kitabı
Ləbin şərabından məst olan aşiq

 

Ləbin şərabından məst olan aşiq,
İnanma, sarərü səhbayə baxar.
Rüxsari-alının həsrətin çəkən
Nə günə göz açar, nə ayə baxar.

Rövnəqi pozulub otağımızın,
Ziyası qalmayıb çırağımızın;
Nəkhəti-zülfündən dimağımızın
Müəttər olmarı səbayə baxar.

Əvvəl aldın əqlü huşü kəmalım,
Quru nəfəs qalıb, əyandı halım.
Dəxi nə istərsən, bimürvət, zalım,
Şah olan əhvali-gədayə baxar.

Səngdil sənəmin nə binası var,
Deməz aşiqimdi, müddəası var,
Cəfanın da həddi, intəhası var,
Bəndeyi-xuda bir xudayə baxar.

Eşq ucundan oldum günü qarə mən,
Dönə-dönə yandım alovlarə mən.
Zakir deyər, nedim o nigarə mən,
Nə dadə, nə ahü sədayə baxar?




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info