Qonaq Kitabı
Ey sevdiyim, səndən cüda düşəli

 

Ey sevdiyim, səndən cüda düşəli,
Nə səbrü sükünum, nə taqətim var.
Sənsən sözüm, fikrim, zikrim, xəyalım,
Sanma ki, bir özgə hekayətim var.

İkisi birləşib zülm edib mana,
Güvah yox arada, qorxuram dana;
Üz görmə, sultanım, gəlmişəm, sana
Mərdümi-çeşmindən şikayətim var.

Eyib yoxdur ətvarında, xuyində,
Şirin söhbətində, göftükuyində,
Qoyuban getmədim canı kuyində,
Şərməndəyəm, səndən xəcalətim var.

Badi-səba, dəymə yarın zülfünə,
Pərişan eyləmə xatirim yenə.
Bəlkə nəsib ola yetişə mənə,
Onda könül adlı əmanətim var.

Tab etməyib keşa-keşi-sevdayə,
Fərhad dağa qaçdı, Məcnun səhrayə,
Şikəstə Zakirəm, cövrü cəfayə,
Onlar tək deyiləm, dəyanətim var.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info