Qonaq Kitabı
Bu bahar fəslində, mürüvvətdirmi

 

Bu bahar fəslində, mürüvvətdirmi,
Sevgili yarından göz iraq olsun?
Baxıb hər tərəfə, gülüzarını
Görməyib, sənəti ağlamaq olsun?

O gedəndən bəri bir məhrəmim yox,
Ləzzətim yox, söhbətim yox, dəmim yox;
Tamam aləm viran olsa ğəmim yox,
Tək canan mənimlə ittifaq olsun.

Ey könül, səbr eylə, allahı sevər,
Gəzib dolanacaq aləmi yeksər;
Bəlkə yardan bizə verə bir xəbər,
Demişəm səbayə göz-qulaq olsun.

Fələk qoymadı ki, görəm rüxsarı,
Unutma gahbəgah, yar, səni tarı;
Qasid pəyamilə, düşəndə barı,
Aralıqda deyib danışmaq olsun.

Dərdü mehnət hüçum edibdir mənə,
Yetirə gör özün, qulunam genə.
Qorxuram tən edib deyələr sənə
Zakirin ölübdür, başın sağ olsun!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info