Qonaq Kitabı
Ey yığılan canlar, siz olun tarı

 

Ey yığılan canlar, siz olun tarı,
Amandı, qoymayın, yar oynamasın.
Bir belə adamın içində, yəqin,
Əlbəttə, bədnəzər var, oynamasın.

Vüqarla otursun o gülbədənim,
Bu yığnağa çoxdur gəlib-gedənim;
O, oynasa olur, bilsin ki, mənim
Gen dünya başıma dar, oynamasın.

Xəlq içində xəcil etməsin bizi,
Müştaqdır gözünə aləmin gözü;
Yel atar çarqatın, açılar üzü,
Badə gedər namus-ar, oynamasın.

Oynamağa həvəs eyləsə, barı,
Oynasın gecə saf olanda yarı;
Günün hərarəti, yerin buxarı
Tər bədənə eylər kar, oynamasın.

İltimas eyləsə qızlar, gəlinlər,
Dabanı çatlaqlar, ayaqyalınlar,
Oynasa oynasın könüqalınlar,
Zakir, ol məməsi nar oynamasın.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info