Qonaq Kitabı
Təğafül eyləmə, ey badi-səba

 

Təğafül eyləmə, ey badi-səba,
Bəlkə o kül üzlü yarı görəsən.
Şərh edəsən ona dərdi-dilimi,
Bir vəsilə sala tarı görəsən.

Dolanıb başına sərvi-rəvanın,
Döşən ayağına qaşı kəmanın,
Xəbər alsa səndən: o binəvanın
Necə keçir ruzigarı, görəsən?

Söylə ki, köz yolda, könül intizar,
Şəm tək oturub sübhədən ağlar,
Bu gün-sabah ölər, ixtiyarın var,
Nə olur gedəsən, barı, görəsən.

Əmanətim budur, bir kənarə çək,
Yalvarıb, yapışıb, eylə əl-ətək;
Gəlməkdə təğafül eyləsə, gərək
Məzəmmət edəsən, karı görəsən.

Zakir der: eybi yox xülqü xuyində,
Şirin söhbətində göftüguyində.
Biz yad olduq, indi səri-kuyində
Kimin vardır etibarı görəsən?




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info