Qonaq Kitabı
Dost yolu bağlandı, ümid kəsildi

 

Dost yolu bağlandı, ümid kəsildi
Qasidin dəmbədəm kitabətindən.
Çərxi-sitəmkərin, dövri-zalımın
Ölüb qurtarmadıq ədavətindən.

O mehrabü minbər qaşlara mail
Olmayanın olmaz imanı kamil;
Yüz il başın yerə deyə, nə hasil,
Zahidin bihudə ibadətindən.

Saxladığım bəsdi canı bədəndə,
Mundan artıq yoxdu təvanə məndə.
Sizi tarı, deyin yara düşəndə,
Məgər əl götürüb əmanətindən?

Nə xoşdur cananə canı yetirmək,
Doyunca nəzarə eyləyib ölmək.
Aşiqə məşuqun didarın görmək
Ziyadədir Kəbə ziyarətindən.

Qoyubdur Zakiri ğəm məkanında,
İntizar gözündə, ğüssə canında;
Gözəllər içində, xublar yanında
Üzə çıxa bilməz xəcalətindən!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info