Qonaq Kitabı
Dün düşdü güzarım yarın kuyinə

 

Dün düşdü güzarım yarın kuyinə,
Dərdü ğəm çevrəsin alıbdı, gördüm.
Soruşdum əhvalın, cavab vermədi,
Gözləri yaş ilə dolubdu, gördüm.

Ahü zar çəkməkdən yox olub varı,
Ayinəsin tutmuş möhnət rubarı.
Əyyami-xəzana dönüb baharı,
Saralıb gül rəngi solubdu gördüm.

Kamana dönübdü qaməti-mövzun,
Əhvalını fələk edib digərgun.
Gecə-gündüz ağlamaqdan əşki-xun
Almas kiprikləri yolubdu gördüm.

Hanı mən gördüyüm əhmər yanaqlar,
Müsəlsəl keysulər, nəsrin buxaqlar?
Təravətdən düşüb ğönçə dodaqlar,
Deyib-danışmaqdan qalıbdı, gördüm.

Zakir, xərab olsun belə zəmanə,
Həmişə yaxşılıq verib yamanə,
Yar ilə qolboyun gəzdiyim xanə
Dağılıbdı, bərbad olubdu, gördüm.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info