Qonaq Kitabı
Ömür keçdi, insaf elə, sevdiyim

 

Ömür keçdi, insaf elə, sevdiyim,
Nə müddətdi dərdü möhnət çəkərəm.
Hər kəs öz yarını çəkib yanına,
O ki, mənəm, elə həsrət çəkərəm.

Bahar fəsli el şad olur sərasər,
Hərgiz məndən özgə yoxdu mükəddər.
Nəkhəti-zülfünü nəsimi-səhər
Gətirsə, ziyadə minnət çəkərəm.

Gül ilə həmzəban olubdu bülbül,
Açılıb bənövşə, yasəmən, sünbül.
Dolanım başına, mürüvvət dögül
Bu qədər ki, sənsiz xiffət çəkərəm.

Mey içir gülşəndə məşuqü aşiq,
Mən qalmışam təkü tənha, nə layiq?
Bir para dərdimi bilir xəlayiq,
O ki, bir parasın xəlvət çəkərəm.

Qoyubsan könlümü cövrü cəfadə,
Gözüm yollardadı, əlim duadə.
Şikəstə Zakirəm, ruzi-cəzadə
Bu qisası səndən, əlbət, çəkərəm.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info