Qonaq Kitabı
Nə müddətdi iştiyağın çəkirdim

 

Nə müddətdi iştiyağın çəkirdim,
Şükür həqqə, pərizadə gedirəm.
Çərxin sitəmindən, dövrün zülmündən,
Gözəllər şahına dadə gedirəm.

Mən ona çakərəm, o mana sultan,
Hər nə hökm eyləsə-bəndeyi-fərman.
Möhnətimə çarə, dərdimə dərman
Edən yoxdu bu aradə, gedirəm.

Gecə-gündüz qan tökülür didəmdən,
Yarımadım hərgiz yarü həmdəmdən;
Ya öldürsün məni, qurtarsın ğəmdən,
Versin muradımı ya da, gedirəm.

Baş ağardı, ömür keçdi yarıdan,
Qurtarmadıq hərgiz ahü zarıdan.
Bu gün neçə gündü canan sarıdan
Yetibdi guşuma səda, gedirəm.

Zakirəm, sızlaram misli-əndəlib,
Görüm, ya görməyim üzün, ya nəsib!
Hal-pərişan, dil-nigaran, müztərib,
Sərdarıma bir muradə gedirəm.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info