Qonaq Kitabı
Səri-zülfün kimi titrər ürəyim

 

Səri-zülfün kimi titrər ürəyim,
Gələ-gör ki, səri-muyin istərəm.
Duzlu hekayətin, nəməki sözün,
Pəsəndidə xülqü xuyin istərəm.

Bir otaqda oturuban biz ilən,
Könlümü aldığın şirin söz ilən,
Eyhamü işarə, qaşü göz ilən,
Kahi həzin göftüguyin istərəm.

Səndən ayrılandan bəri lalam mən,
Ümid yoxdu gələn ilə qalam mən;
And olsun Kəbəyə, xəstəhalam mən,
Can verməyə səri-kuyin istərəm.

Kəsibsən bizimlə aranı nədən,
Nə müddətdən bəri yox gəlib-gedən.
İntizar çəkərəm ta ki, sübhədən
Ol badi-səbadan buyin istərəm.

Mən Zakirəm, səni görəndən bəri
Düşmüşəm çöllərə dəli, sərsəri;
Neylərəm künəşi, mahi-ənvəri,
Üzarın anaram, ruyin istərəm.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info