Qonaq Kitabı
Könül, əbəs yerə üzmə canını

 

Könül, əbəs yerə üzmə canını,
Xubların əhdinə olmaz vəfası.
Avarə qoyarlar aşinalərin,
Yadlar ilə olur zövqü səfası.

Əqlü huşum gedib bir Leylivəşdə,
Məcnuni-şeyda tək düşmüşəm dəştə,
Gecə-gündüz dolanıram sərgəştə,
Vurubdur başıma kakil həvası.

Müddətdir dərindən avarəyəm mən,
Karü şüğlüm olub naləvü şiyvən;
Rəhmə gəlib, padişahim, deməzsən,
harda qalıb bu dərgəhin gədası,

Hicrində geçələr kəsilib xabım,
Günbəgün artırır cövrü əzabım.
Nə fəraqə səbrim, nə vəslə tabım,
Bilməzəm bu dərdin nədir dəvası.

Zakirəm kuyində eylərəm fəryad,
Məkər eşitməzsən, ey sərvi-azad?
Bidar eylər idi çalanda Fərhad
Şirini yuxudan, tişə sədası.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info