Qonaq Kitabı
Qadir allah səbəb salıb arayə

 

Qadir allah səbəb salıb arayə,
Sevdiyim, ixtilat qatmaq çağıdı.
Dur qolboyun olaq, fürsət var ikən,
Nə ğəmə, ğüssəyə batmaq çağıdı?

Götür qoy bir səmtə bəzəyin, sərin,
Qorxuram dağıla zərü zivərin.
Başın qüllabəsin, belin kəmərin
Hər birin bir yana atmaq çağıdı.

Üz bürüməz yar yarını görəndə,
Bu xasiyyət nədir bilməzəm səndə?
Biganələr kimi oturma gendə,
Gəl sarmaşaq, alıb-satmaq çağıdı.

Qul xətasız olmaz, ey çeşmi xumar
Öldürsən də sonra ixtiyarın nar.
Bu gündən sabaha yoxdur etibar,
Soyun, gecə keçdi, yatmaq çağıdı.

Canım qurban qaşlarının tağına,
Pərvanə tək dolan solü sağına.
Zakir, dön başına, düş ayağına,
Nə danışıb söz uzatmaq çağıdı?!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info