Qonaq Kitabı
Təğafül eyləmə, ey badi-səba

 

Təğafül eyləmə, ey badi-səba,
Tezlik ilə yetir yarə dərdimi.
Tutub səri-zülfün, dolan başına,
Söylə şuxi-sitəmkarə dərdimi.

Alıbdır sinəmi möhnətü vərəm,
Sübhü şam allahdan ölüm istərəm.
Nə yar yazı bilir, yazam göndərəm,
Nə deyən var o dildarə dərdimi.

Sək rəqib bilməsin, düşərik qana,
Sərzəniş yetişər bəlkə canana.
Qorxuram cismü can alışıb yana,
Tapşırmışam dili-zarə dərdimi.

Üz qoyub üstümə küdurətü ğəm,
Yaş tökülür gözlərimdən dəmbədəm;
Alov tutar kağız, alışar qələm
Səbt etsələr hər tumarə dərdimi.

Mən Zakirəm, bu fələyə neylədim,
Vermədi muradım, dedim, söylədim.
Nə qədər ki, fikrü xəyal eylədim,
Çıxartmadım bir kənarə dərdimi.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info