Qonaq Kitabı
Lövhi-cəbinində katibi-ğəza

 

Lövhi-cəbinində katibi-ğəza
İki "nun" çəkibdir ağın üstünə;
Müjkanın sayəsi yırtıb üzünü,
Qan tökülüb gül yanağın üstünə.

Müsəlsəl keysulər ruxi-al üzrə,
Bir buluda bənzər məhcəmal üzrə,
Pərtövi-hüsnündür xəttü xal üzrə,
Yoxsa gün düşübdür dağın üstünə?

Ey dil, həzər eylə, zənəx çahından,
Keçmək olmaz zülfün güzərgahından,
İqdi-şəbnəm deyil, bülbül-ahından
Şərarələr yağmış bağın üstünə.

Hicran ləşkərinə könül divarı
Olubdur bir möhkəm qələvü barı,
Hüsnün sər-əsgəri, vəslin sərdarı
Haçan gələ bu sığnağın üstünə.

Nə qədər var idi təndə ixtiyar,
Gəlmədin, ta oldum zarü biqərar,
Bari ölən dəmdə, ey lalə-üzar,
Gəl Zakiri-sinədağın üstünə!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info