Qonaq Kitabı
Nə yaraşır sana, divanə könül

 

Nə yaraşır sana, divanə könül,
Həmdəm olmaq yarə bu gündən belə?
Vədə yaxınlaşıb, köçmək çağıdır
Bir özgə diyarə bu gündən belə.

Sərvqamətlərə su kimi axma,
İnani-məqsədi əldən buraxma;
Mürüvvət eylə, bax tarıya, baxma
Çöhrəvü rüxsarə bu kündən belə.

Sal yadına kəşa-kəşin məhşərin,
Qafilsən, özündən yoxdur xəbərin;
Ənqəribdir ola cismi-pərvərin
Qömə murü marə bu gündən belə.

Yüyürüb, yortmaqdan abü ələfə,
Ovqati-əzizi verdin tələfə;
Yıx özünü xaki-dəri-Nəcəfə,
Çox gəzmə avarə bu gündən belə.

Şərm eylə nəbidən, utan xudadən,
Usan təmaşadən, zövqü səfadən;
Dəxi bəsdir, bu vərtəyi-bəladən
Çəkil bir kənara bu gündən belə.

Zəbt edə bilmədin çıxmış gözünü,
Xəlq içində rüsva etdin özünü;
Bu rahi-xətadən döndər üzünü
Qadirü qəffarə bu gündən belə.

Ömür keçib, az qalıbdır həyatın,
Ləhvü ləəb ilə keçdi ovqatın;
Dosta layiq yoxdu, Zakir, sövqatın,
Gör başına çarə bu gündən belə.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info