Qonaq Kitabı
Ey əndəlib, səndə bu nə qanundu

 

Ey əndəlib, səndə bu nə qanundu -
Fəğan çəkmək növbaharı görəndə?
Əgər ki, mətləbin gül görmək isə,
Kirisənə gülüzarı görəndə.

Bu necə adətdir, bu necə ərkan,
Əyyami-vəsldə çeşmin tökər qan;
Firqətdə lazımdır aşiqə əfğan,
Sakit olmaq gərək yarı görəndə.

Pərvanə də sən tək şəmə maildi,
Hər necə ki, zülm eyləsə qaildi;
Nalən bihudədi, əqlin zaildi,
Günah yoxdu səni karı görəndə.

Nalə çəkib bülbül dedi: ey pesər,
Ərkani-eşqdən olan bixəbər;
Mümkündür aşiqə dincəlmək məgər
Gül ilə həmsöhbət xarı görəndə?

Ey dilbəri-sadə, şuxi-novrəstə,
Başın üçün, gəzmə ğeyri həvəsdə;
Qədimi qulundur Zakiri-xəstə,
Məhəbbət et ona, barı, görəndə.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info