Qonaq Kitabı
Günəş rüxsarına tökər zülflərin

 

Günəş rüxsarına tökər zülflərin,
Yalvarıram-yapışıram yüz olmaz.
Heç bilməzəm mənim bəxti-siyahım
Nə şami-tirədir ki, gündüz olmaz.

Aralıqda bədxah olmasa əgər,
Sevgi sevgisindən olmaz mükəddər;
Rəqib nə qədər ki sağdır, o dilbər,
Bilirəm ki, bizim ilə düz olmaz.

Bir qul sultanına etsə xəyanət,
Yaşınır görəndə, çəkib xəcalət,
Gün səri-kuyinə düşər, nəhayət,
Dayanıb bir saat üzbəüz olmaz.

Siyah zülfü dal gərdəndə bir qulac,
Sona cıqqası tək ucları qıyqac,
Belə türrə, belə keysu, belə saç,
Belə işvə, belə qaşü göz olmaz.

Ayağına düşüb sərvi-qamətin,
Gərdəni minanın, boyu afətin,
Dedim: Zakir ilə varmı ülfətin?
Dedi: gözəllərdə doğru söz olmaz.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info