Qonaq Kitabı
Aman, ağa, sənə qurban

Aman, ağa, sənə qurban,

Məni salma nəzərdən sən!

Səndən savay kimsənəm yox,

Məni qovma bu dərdən sən!

 

Mən getmərəm kuhi-Turə,

Meyl etmərəm narü nurə,

Gətir məni sən bir şurə,

Kəm deyilsən şəcərdən sən.

 

Pəridə olmaz bu təl’ət,

Mələkdə olmaz bu surət,

Edə bilməm günə nisbət,

Münəvvərsən qəmərdən sən.

 

Dərdimi etmə ziyadə,

Məni gətirmə fəryadə,

Bir rəhm elə bu Fərhadə,

Gəl bu kuhi-kəmərdən sən.

 

Lə’li-ləbin nuşixəndi,

Mən neylərəm balı, qəndi,

Öldürdü bu dərdməndi,

Çox şirinsən şəkərdən sən.

 

Güldə hanı bu təravət?

Gündə hanı bu səbahət?

Dürdə yoxdur bu lətafət,

Müzəyyənsən gühərdən sən.

 

Qəm eyləmə, Xançobani,

Tapıldı dərdin dərmanı,

Yad elə şahi-Mərdanı,

Bir Əli çək cigərdən sən.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info