Qonaq Kitabı
Genə gəldi bahar fəsli

Genə gəldi bahar fəsli,

Bülbül gəldi dadə, dadə.

Əhməri güllər açıldı,

Saqi, gətir badə, badə!

 

Genə səbz oldu çəmənlər,

Güldən bəzəndi gülşənlər,

Çıxmış seyrə gülbədənlər

Hamı üzü sadə, sadə.

 

Vəh, vəh güldür bu, ya lalə,

Gül üzünə qonub jalə,

Saqi, dur, ver bir piyalə

Dəli Fərhadə, Fərhadə.

 

Yar yolunda verdim başı,

Yastıq etdim qara daşı,

Döndü, billah, gözüm yaşı

Şətti-Bağdadə, Bağdadə.

 

Dəli könül, qəm zamanı,

Çox etmə ahü fəğanı,

Çağır Şahi-lafətanı,

Yetsin fəryadə, fəryadə.

 

Saqi, dur, ver bircə sağər,

Dindən döndüm, oldum kafər,

Tapammadım, qaldı gövhər,

Qə’ri-dəryadə, dəryadə.

 

Nəbati, dur hər səhərgah,

Oxu həmdü qülhüvvəllah,

Qalmadı əlhəmdü lillah,

Arzın dünyadə, dünyadə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info