Qonaq Kitabı
İşim, peşəm od yandırmaq

İşim, peşəm od yandırmaq,

Qərib atəşpərəst oldum!

İçdim südü, çəkdim bəngi,

Əcaib şiri-məst oldum!

 

Qoy əldən cami-şərabı,

At getsin çəngü rübabı,

Tez ol, çək şişə kəbabı,

Mən ki, məsti-ələst oldum.

 

Keçdim tamami-aləmdən,

Süleyman ilə Xətamdən,

Guya deyildim Adəmdən,

Bir hübab idim, pəst oldum.

 

Mərhəba kəmana, şəstə, bir tirə,

Doqquz fələkləri tikdim bir-birə,

Rüstəmi-dəstanı etdim bir-birə,

Gör necə qəribə zəbərdəst oldum.

 

Şikar istər ikən, damə düşdüm mən,

Bir siyahməst olub camə düşdüm mən,

Nəbati, sübh ikən şamə düşdüm mən,

Bir əf’i ilana paybəst oldum.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info