Qonaq Kitabı
Maşaallah, qadir Allah

Maşaallah, qadir Allah

Gör necə dilbər yaradıb!

Gül üzündə əfşan-əfşan

Zülfi-müənbər yaradıb.

 

Ağzı qönçə, ləbi püstə,

Beli incə, boyu bəstə,

Tökülübdür dəstə-dəstə

Nə gözəl tellər yaradıb!

 

Qaşı fitnə, gözü cadu,

Üzü lalə, xalı hindu,

Mina gərdən, saçı qarqu,

Gül buxağın tər yaradıb.

 

Gündən göyçəkdir camalı,

Sərvi bənzər qəddi-dalı,

Ləbin əmən neynər balı?

Sözünü şəkkər yaradıb.

 

Dili almas, dişi inci,

Ağ sinəsi gövhər gənci,

Vəsfə gəlməz nazü ğənci,

Bunu əfsungər yaradıb.

 

Müsəlmanlar, bir pərizad

Məni etdi yaxşı Fərhad,

Qəmzəsi bir yağı cəllad,

Kipriyin xəncər yaradıb.

 

Hər kimi xaliqi-davər

Bir əmrə edib müqərrər,

Onu bir şuxi-gülpeykər,

Məni səməndər yaradıb.

 

O gün ki, yarandı insan,

Qələm yazdı belə fərman:

Səni bir şahi-gülruxan,

Məni qələndər yaradıb.

 

Edibdir saneyi-davər

Hər kimi bir şahə çakər,

Məni bir divaneyi-mehtər,

Səni bir sərvər yaradıb.

 

Əzəldən qadiri-biçun

Özü qoymuş belə qanun.

Səni bir dövlətli Qarun.

Məni bi müztər yaradıb.

 

Nə qılım, neyləyim, yarəb,

Dolmuşam qəmdən ləbaləb,

Səni bir şahi-müəddəb,

Məni bir məsxər yaradıb.

 

O dəm ki, rəbbiyəl-ə’la

Aləmi etdi hüveyda,

Səni bir şahi-lafəta,

Məni bir Qənbər yaradıb.

 

Gülrüxsarı neynər ğazə,

Gəl bircə seyr eylə nazə,

Bulbul, çox göz dikmə yazə,

Gör nə gül peykər yaradıb.

 

Nəbati, çək Əli, Əli,

Könlün olsun cəli, cəli,

Onu Allah, bəli, bəli,

Bu dildə əzbər yaradıb.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info