Qonaq Kitabı
Genə şuridə könlüm aşiqi-bir gül”™üzar olmuş

Genə şuridə könlüm aşiqi-bir gül’üzar olmuş,

Edər məşqi-cünun, divanələr tək dağdar olmuş.

 

Olub Məcnun kimi sərməsti-cami-badeyi-vəhdət,

Düşüb səhralərə, vəhşilər ilə həmqətar olmuş.

 

Düşüb əşgim kimi mərdüm gözündən cismi-üryanım,

Əzizi-Misir ikən gözlərdə, indi gör nə xar olmuş.

 

Tutub ta mürği-dil məskən o çin-çin zülfi-müşkində,

İşim bayqu kimi daim fəqanü ahü zar olmuş.

 

Şücaət mülkünün saları kimdir? Həzrəti-Əbbas,

Mənim şahim də bu meydan əra ol şəhsəvar olmuş.

 

Kəsər, doğrar həsudin bağrını əş’ari-rənginim,

Mənim tiği-zəbanım guiya bir Zülfiqar olmuş.

 

Məni ol xali-hindudur edən müstəğrəqi-heyrət,

Edən qan qönçə tək bağrım, o lə’li-abidar olmuş.

 

Edib min aşiqi bican, töküb qanın güzərlərdə,

Bu gün ol çeşmi-sərməstin əcəb gərmi-şikar olmuş.

 

Tökən gözdən sirişgim dəmbədəm ol çeşmi-cadudur,

Pərişan eyləyən halim o zülfi müşkbar olmuş.

 

Səpib jalə güli-sürxə ərəq lö’lövü dürdür,

Bu gün ol lalə rüxsarın əcayib nurbar olmuş.

 

Xərabatü minacatı gəzib seyr eylədim hər yan,

Bu küfrü din arasında o ənqa pərdədar olmuş.

 

Məni bir məst qıl, saqi, aman, ey gözləri yaği,

Şərabın yox, gətir aği, qulağın niyə kar olmuş?

 

Məhəbbət şəhrinin sudü mətaın istə sən cana,

Fənadır ya şəhadət izzü cahı çahsar olmuş.

 

Gətir, saqi, meyi-baqi, bu bəzmi eylə bir rövşən,

İşıq dünya gözümə badəsiz, billah ki, tar olmuş.

 

Məni bir cür’ə meydən ötrü böylə bağrı qan etmə,

Dur, ey kafər, gətir sağər ki, başım çox xumar olmuş.

 

Məni öldürdü qəm, ahım şərarı yetdi əflakə,

Yatıbdır hansı küpdə bilmirəm, ol zəhrimar olmuş.

 

Həmişə badeyi-gülgun həyati-tazədir ruhə,

Xüsusən indi kim, vəqti-gülü fəsli-bahar olmuş.

 

O çeşmi-pürxumarın həsrətindən, ey kəman əbrü,

Ənisim bəççeyi-ahu, məqamım kuhsar olmuş.

 

Gəhi şirü pələngü həm kəvəznü gurə yoldaşəm,

Yatağım gah cəbəl, gah dəşt, gah bir künci-ğar olmuş.

 

Görüb bir qəmzeyi-yaği olub heyranü müştaqi,

Deyir hər dəm gəl, ey saqi ki, halım çox nəzar olmuş.

 

Gətir ol rahi-reyhanı, tök ol cami-zərəfşanə

Ki, suzi-atəşi-eşqim yenə çox şö’ləbar olmuş.

 

Həras etməz cəhənnəmdən, yanan nirani-hicranə

Ki, İbrahim tək Azər ona bir laləzar olmuş.

 

Dəxi əfsunə gəlməz hər kimi çalsa qara zülfün,

Bu əf’inin ə’lacı tərki-xabü vəsli-yar olmuş.

 

Düşübdür başına bir nazəninin şurü sevdası,

Gedib əldən qərarı, məhv olub biixtiyar olmuş.

 

Məhəmmədi-Qarabaği nə bəllər bu Qaradaği,

Məgər o bülbül ovlaqi bu xoş gül-gül diyar olmuş.

 

Əgər Məcnuna mailsən, niyə bəs böylə qafilsən,

Buyur kim, xaki-əqdamın bizə bəs iftixar olmuş.

 

Bizim xübzi-şəirin ləzzətindən bir təməttö’ tap

Ki, hər bir löqməsi bir şairi-şair şüar olmuş…

 

Nə hasil şe’rbazlıqdan, edər məğzi-səri nabud,

Xəyalü fikrü sevdadən dimağə bir qübar olmuş.

 

Özün bəhri-xəyalə salma, bica qəsdi-can etmə,

Rəfiq olma məcaninə, yeri, hey kamikar olmuş!

 

Həzər qıl malxülyadən, bu sevdadən pəşiman ol

Ki, ərbabi-cünunə şe’rü şairlik qərar olmuş.

 

Əgər görsən məni, ibrət tutarsan hali-zarımdan,

Vücudum zə’fdən guya ki, bir şəm’i-məzar olmuş.

 

Müridi-əhli-təcridəm, qulami-xeyli-təfridəm,

Kişi vəh-vəh, Məsihadı ki, həyyü payidar olmuş!

 

Məni-aciz ki, dərvişəm, qələndərvar bikişəm,

Nə oldum xeyrdə qaim, nə dinim ixtiyar olmuş.

 

Nə tapdım əmri-mabeyni, nə oldum vaqifi-məzhəb,

Belə biçarə molla tək, nə adəm, nə himar olmuş.

 

Bu sözdən ötrü sən gəl, gör ki, gündən aşikaradır,

Vəli, iblis tək külli-vilayətlərdə car olmuş.

 

Yəqin bil kim, Nəbati çəkməz əl damani-minadən,

Bu tərz ilə ki, o meyxanələrdə meyküsar olmuş.

 

Zunestaş çömmə tut şe’ri-Nəvai cəmmi cuqunda

İzan zon vil bəru huşmahru paludəvar olmuş.

 

Xoşa ol aşiqi-sadiq ki, olmuş vəhdətə layiq,

Tutub künci-xəfa bu xəlqi-aləmdən kənar olmuş.

 

Bihəmdullah, rəqibin kövkəbi-bəxti olub varun,

Əlində curə tərlanı dönüb bir sarı sar olmuş.

 

Tutub nikbət giribanın, çəkib zindani-idbarə,

Səmumi-rəhri iyzəddən əsası tarümar olmuş.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info