Qonaq Kitabı
Ey gözüm, gəl gözə bax, nərkisi-şəhla nəçidir!

Ey gözüm, gəl gözə bax, nərkisi-şəhla nəçidir!

Zülfə bax, sünbülə bax, ənbəri-sara nəçidir!

 

Daneyi-xalinə göz mərdüməkin qıl mənzil,

Gunə bax, arizə bax, laleyi-həmra nəçidir!

 

Düşdü Bijən quyuya görgəc o çahi-zəqəni,

Ləbə bax, şəkkərə bax, şəhdi-müsəffa nəçidir!

 

Dişləri gövhəri-nasüftə, dəhanı qönçə.

Dilə bax, ləhcəyə bax, tutiyü mina nəçidir!

 

Sədəfi-can elərəm navəki-müjganə hədəf,

Taqi-əbrusinə bax, mənzəri-ə’la nəçidir!

 

Nə deyim kim, nə bilir işvə nədir, qəmzə nədir,

Bir gülümsün, qıya bax, gör bu müədda nəçidir!

 

Cəbhəsin ay desəm, incini məndən Zöhrə,

Əksi-Nurullahı gör, mehri-mücəlla nəçidir!

 

Başinə sayə salıb bali-hüma tək kakil,

Çıxmışam bir yerə kim, günbədi-xəzra nəçidir!

 

Qoymuşam tərfi-bənaguşinə biganələri,

Qol-boyun burda duran zülfi-çəlipa nəçidir!

 

Oxşadan sinəsini qarə, get, ey gicü dəbəng!

Donduran adəmi bu mənşəi-sərma nəçidir!

 

Saqi, bir cam ilə dilşad elə bu qəmnaki,

Nəçiyəm mən ki, deyəm sağərü səhba nəçidir!

 

Nə çıxar ər’ərü şümşad uzun əhməqdən,

Qəddə bax, qamətə bax, sərvi-dilara nəçidir!

 

Camı aldı əlinə, vəh, genə saqi, saqi!

Məst-məstanə deyər: Xosrovü Dara nəçidir!

 

Məhrəmi-xəlvəti-ünsüm hanı Saib, Saib?

Ləhnə bax, nəğməyə bax, bülbüli-şeyda nəçidir!

 

Hafizin şəhpərinin seytidi ya nə’reyi-rə’d?

Dövrə bax, gərdişə bax bəççeyi-Ənqa nəçidir!

 

Bu necə nəğmədi, mütrüb məni mədhuş elədi,

Çək qələm Barbətə, sövti-Nikisa nəçidir!

 

Qoyma bu pərdəni əldən çıxa, heyhat, heyhat!

Saqidən bir xəbər al gör ki, bu mina nəçidir?

 

Neyləyək Xızra nəsib oldu əgər abi-bəqa,

Sən də sağəri tut gör qəmi-dünya nəçidir?

 

Gəl bu gülzar tamaşasına bir, ey qafil,

Qülleyi-kuh nədir, daməni-səhra nəçidir!

 

Qorxuram inciyə Məcnun, küsə məndən, yoxsa,

Deyərəm: Gəzgəzə həmta ola Leyla nəçidir!

 

Yoxdur aləmdə belə dilbəri-sərmayeyi-naz,

Şəkli-Şirini unut, nəqşi-Züleyxa nəçidir!

 

Onu mə’şuq, məni aşiqi-müştaq deyin,

Zikr edin adımızı, Vamiqü Əzra nəçidir?

 

Mərhəba, kilki-şəkərrizü bədiül-əlfaz!

Sözə bax, gövhərə bax, nitqi-Məsiha nəçidir?

 

Hansı dəryayi-əmiqin dürüdür bu əş’ar?

Lə’li sındırdı bu söz, lö’lövü lala nəçidir?

 

Rəhm qıl canına, bir bəsdi, bu xəlvətdən çıx,

Təngə gətdi məni, bu guşeyi-ixfa nəçidir?

 

Seyr qıl aləmi, bu şahü gədasın yoxla,

Nikü bəd hansıdı gör, zişt ilə ziba nəçidir!

 

Məscidü somiəvü bütkədəni bir-birə çal,

Görginən Kə’bə nədir, deyrü kilisa nəçidir?

 

“Qülhüvəllah əhəd”in kəsdi bu əğyarlərin,

Qülzümi-vəhdətə cum, kəsrəti-ə’da nəçidir!

 

Kafirü gəbrü nəsaravü müsəlmanə yetiş,

Dinü məzhəb nədi gör, mö’minü tərsa nəçidir?

 

Həqqinən batili çək bir məhəki-mizanə,

Mustafa gör nə deyir, İsəvü Musa nəçidir?

 

Gəz xərabatü münacatı, yetiş əhlindən,

Od vuran aləmə bu nuri-təcəlla nəçidir?

 

Gəl, Nəbati, dəxi üzdən bu niqabı götürək,

Bir görək bu danışan aşiqi-risva nəçidir?



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info