Qonaq Kitabı
Səfheyi-aləmdə bir dürri-nihandır Üştibin

Səfheyi-aləmdə bir dürri-nihandır Üştibin,

Vəznə gəlməz, çəkmək olmaz, çox girandır Üştibin.

 

Baş çəkib ərşi-bərinə dörd tərəfdən dağlər,

Filhəqiqət ləngəri-kövnü məkandır Üştibin.

 

Səddi-Isgəndər kimi hər bürcü bir hisni-həsin,

Dideyi-bədxahə bir tiri-kəmandır Üştibin.

 

Xoşsəliqə hər yeri, xəlqi sərasər mehriban,

Dilləri tati, vəli, şirinzəbandır Üştibin.

 

Allah abad eyləsin, abü havası canfəza,

Qalibi-insanə bir ruhi-rəvandır Üştibin.

 

Hakim olmuş onda ta Mirzə Səlimi-kamikar,

Ol səbəbdən xəlqə bir darül-əmandır Üştibin.

 

Maşaallah, gör nə yaxşı boy çəkmiş sərvlər,

Cənnəti-Şəddad ya baği-cinandır Üştibin.

 

Narının hər danəsi yaqut, ya lə’li-Yəmən,

Müxtəsər, bir gənc ya bir bəlli kandır Üştibin.

 

Suyunu hər kimsə içsə, istəməz abi-həyat,

Ondan ötrü Xizr tək gözdən nihandır Üştibin.

 

Görmüşəm həm Əskəranı, Qırçını, Ağdamları,

Onların yanında bir sultanü xandır Üştibin.

 

Gəzmişəm Hindarxını, həm Bərdəni seyr etmişəm,

Hər biri bir çöl, vəli, bir busitandır Üştibin.

 

Vermərəm külli-cahanə bir Hərasın seyrini,

Qıl təmaşa, gör nə göyçək, xoş məkandır Üştibin!

 

Doğrusu, yaylağının vəsfində aciz qalmışam,

Bilmərəm, baği-Irəm, ya gülsitandır Üştibin.

 

Bir-biri üstündə damlar, yaxşı ali köşklər,

Bəs deyərsən Lənkəran, ya Salyandır Üştibin.

 

Verginən dildarımı, et ahü zarımdan həzər,

Rəhmə gəl, insafə gəl, bəsdir, amandır, Üştibin!

 

Bir qonaq-nisbət Nəbati səndə beş gün əyləşib,

Hörmətin saxla ki, o bir Xançobandır, Üştibin.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info