Qonaq Kitabı
Əyləşib bir xosrovi-afaqı gözlər gözlərim

Əyləşib bir xosrovi-afaqı gözlər gözlərim,

Büdpərəstəm, qibleyi-üşşaqı gözlər gözlərim.

 

Döndərib üz əhli-dünyadən, ümumən hər nə var,

Ne’məti-biminnəti-rəzzaqı gözlər gözlərim.

 

Bağrımı qan eylədi bu möhnəti-hicran, aman!

Saqican, bir sağəri-rəvvaqı gözlər gözlərim.

 

Ey xuda, sən bu Züleyxanın əzizin xar qıl,

Saldırıb zindanə bir dustağı gözlər gözlərim.

 

Tövbə, gər meyl eyləyim hər dilbəri-zibayə mən,

Yarə bir əhd etmişəm, misaqı gözlər gözlərim.

 

Baxmanam, hərgiz əgər, xurşidi-aləmtab ola,

Öz nigarım yari-siminsaqı gözlər gözlərim.

 

Ənbərin-geysu, kəman-əbrü, şəlayin-nazənin,

Məhcəbin bir duxtəri-Oymağı gözlər gözlərim.

 

Sinəsi qəndi-mükərrər, ləbləri şəhdü şəkər,

Nar püstan, bir çanaq qaymağı gözlər gözlərim.

 

Dövrə qalxmış mürği-dil çərxi-fələk dəvvar tək,

Hər budağə düşməz o, bir taqı gözlər gözlərim.

 

Güllər açıldı, bahar oldu, səfa sürmək gərək,

Bir bulaq başı sərin yaylağı gözlər gözlərim.

 

Xoş çəmən, bir səbzi-xürrəm, bir neçə həmdəm rəfiq,

Gülyetərdə bir kabab yarmağı gözlər gözlərim.

 

Çeşmeyi-Mövlaəlidən su içib seyran üçün,

Selbasar başında bir gəzmağı gözlər gözlərim.

 

Ildə bir dəf’ə təvafi-qəbri-seyyid Cəbrəyil,

Çox mübarək, orda bir müştaqı gözlər gözlərim.

 

Astmal çayı səfası binəhayətdir, vəli,

Barı bağlarında bir ovlağı gözlər gözlərim.

 

Təkağac qaldı, Murad yurdun fəramuş eyləmə,

Orda bir də bir səfa sürmağı gözlər gözlərim.

 

Çaldı daşə dırnağın, ləng oldu Şəbdizi-xəyal,

Rəxşi-gülgun, bir dəmir-dırnağı gözlər gözlərim.

 

Təngə gəldim bu qəfəs küncündə, bağrım çatladı,

Aləmi-balayə bir uçmağı gözlər gözlərim.

 

Yazmayıb kilki-qəza, yarəb, şəbi-hicranə sübh

Üz tutub dərgahə, bir fəllaqı gözlər gözlərim.

 

Eyləsin bu dərdə çarə yoxdu bir haziq təbib,

Hakimi-hökmi-ələl-itlaqı gözlər gözlərim.

 

Məşqi eşqin məhv olub, sərməşqi yadımdan çıxıb,

Lövhi-məşqim əldə bir məşşaqı gözlər gözlərim.

 

Sərvəri-şəbzindədaran rindü əyyarü dilir,

Əmrü Mehtərbaşı bir sərraqı gözlər gözlərim.

 

Murşidi-sahibnəzərsən, mən də gözdən düşmüşəm,

Bu fəqirə bir nəzər baxmağı gözlər gözlərim.

 

Köhnəlib, əldən düşüb, bu cism nə’şi-gəbr tək

Atəşi-suzanə bir yaxmağı gözlər gözlərim.

 

Bir cavanmərd görmürəm bu əmrə iqdam eyləsin,

Göz salıb hər yanə bir qoççağı gözlər gözlərim.

 

Narü nurin mə’dənin get Xançobanından soruş,

Tut xəbər, gör, orda bir hərraqı gözlər gözlərim.

 

Doğrusun söylə, səni kim Xançobani eylədi?

Adı yoxdur, bir böyük xəllaqı gözlər gözlərim.

 

Çatladı Gülgun, Nəbati, böylə çapmazlar atı,

Çatlasın, bir kürreyi-toxmağı gözlər gözlərim.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info