Qonaq Kitabı
Aşiqi-divanə, bir zümzümə bünyad qıl

Aşiqi-divanə, bir zümzümə bünyad qıl,

Xatirimi qüssədən bir nəfəs azad qıl.

 

Həlqeyi-zənciri bir silkələ, səslən genə,

Eşq ilə bir “hay-hu”, şur ilə bir dad qıl.

 

Müddəti axır bu ev bəzmgəhi-yar idi,

Heyfdi bu mənzili yıxma, gəl abad qıl!

 

Mahəsəli-məqsədin yar idi məqsud əgər,

Başini bu damdə daneyi-səyyad qıl.

 

Ruzi-əzəl aşiqə qismət olub xunui-dil,

Bax mənə bir sədrini kureyi-həddad qıl.

 

Yoxdu bizim sazımız, tari-xoş avazımız,

Tök üzə əşki-rəvan, naləvü fəryad qıl.

 

Mahi-bəni-həaşim ol həzrəti Abbasdən,

Istə mədəd xaməni tişeyi-Fərhad qıl.

 

Muğbəçeyi-mütrübün burda yeri yox hənuz,

Ah çəkib dəmdəbəm, növhəvü bidad qıl.

 

Yetdi nida səm’imə hatifi-lareybdən,

Mətləbin oldu rəva xatirini şad qıl.

 

Munşiyi-divani-həqq yazdı bu fərmanı kim,

Bu neçə əbyati də dəftərə irad qıl.

 

Laf vurub eşqdən, adinə aşiq demə,

Ya bu ki, bu rahdə canını fulad qıl.

 

Bu misi-qəlbi ərit buteyi-iflasdə,

Vur ona iksiri-eşq, qabili-nəqqad qıl.

 

Nisfi-şəb olduqca dur əl-üzünə ver səfa,

Yatma dəxi, sübhədək şövq ilə övrad qıl.

 

Ta ki, sənə ram ola hirsi-səgi-nəfsi-dun,

Qəmkədeyi-izlətə təb’ini mö’tad qıl.

 

Şərbəti-təcriddən başına bir cam çək,

Get özünü daxili-həlqeyi-övtad qıl.

 

Ta ki, sənə fəth ola qıfli-tilismati-eşq,

Xəlq üzünə qapını şeşdəri-nərrad qıl.

 

Tuşeyi-rahi-fəna bircə, təvəkküldü bəs,

Su yerinə gözlərin Dəcleyi-Bəğdad qıl.

 

Əşhəbi-sər-sər xuram gərçi inanın qırıb,

Getmə, dur, ey biədəb, hörməti-ustad qıl.

 

Şamü səhər müttəsil həm belə ixlas ilə,

Ta nəfəsin var isə ruhun onun şad qıl.

 

Yar ətəyindən əlin üzmə, budur rahi-eşq,

Gözlə onu, aləmi-tabei münqad qıl.

 

Vəsvəseyi-Əhriman gər səni gümrah edə,

Xatirini zikrdən cənnəti-Şəddad qıl.

 

Bir də Nəbati, əgər meyli-səyahət edə,

Başın onun tö’meyi-xəncəri-cəllad qıl.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info