Qonaq Kitabı
Müjdə, ey dil ki, səni görməyə canan gəldi

Müjdə, ey dil ki, səni görməyə canan gəldi,

Əlini çal ələ, “can-can” sölə ki, can gəldi.

 

Eşidin, vaqif olun, cümlə, əya xürdü kübar!

Çəkilin, kuçə verin, yanə durun, xan gəldi!

 

Mərhəba, nami-xuda, qüdrəti-yəzdanə baxın,

Deyəsən Misrə bu gün Yusifi-Kən’an gəldi!

 

Sındırıb başda küləh, şur salıb dünyayə,

Sünbülü susənə bax, telləri əfşan gəldi.

 

Verib ayinə kimi arizi-zibayə səfa,

Hüsnü gör, şövkətə bax, mehri-dirəxşan gəldi.

 

Yaxşı çal daşə külüngü, alagöz Fərhadım,

Geri dön, bir bəri bax, xosrovi-xuban gəldi.

 

Təxti-tavus kimi zib verib Gülgunə,

Bisütun dağına bir lə’li-Bədəxşan gəldi.

 

Özü göyçək, sözü şirin, dəhəni qönçeyi-tər,

Zülfü ənbər, boyu ər’ər gözü fəttan gəldi.

 

Qaşları qövsi-qüzeh, kipriyi ox, incəmiyan,

Xalı filfil, ləbi mül, arizi taban gəldi.

 

Üzü gül yarpağı tək, sinəsi mərmərdən saf,

Buxağı lö’löi-tər, gövhəri-rəxşan gəldi.

 

Dişi dürdanə kimi, sibi-zənəxdanına bax,

Ona əl dəymə ki, o aşiqə zindan gəldi.

 

Aşiq öldürmək üçün qəmzəsi yaği, cəllad,

Nazı çox, işvəsi xoş, püsteyi-xəndan gəldi.

 

Görəsən bülbüli-miskin niyə xamuş oturub,

Deyin ol qafilə kim, fəsli-gülüstan gəldi.

 

Dur, gəl, ey aşiqi-biçarə, çırağın yandı,

Qəm yemə, çox da dəxi, dərdinə dərman gəldi.

 

Açılıb laləvü gül, aləm olub baği-Irəm,

Səhni-gülzarə əcəb sünbülü reyhan gəldi!

 

Deginən saqiyə, alsın əlinə cami-şərab,

Genə qan içməyə ol gözləri qan-qan gəldi.

 

Bilmirəm gündü, münəvvər eləyib dünyanı,

Ya bizim külbəyə ol sərvi-xuraman gəldi?

 

Harda qalmış, görəsən, ol dəli-divanə Fəzi,

Dur, yüyür, gəl, dediyin afəti-dövran gəldi.

 

Şulum oğlu nə xəbərdir, dur oyan, aç gözünü,

Bixəbər, bir nəzər et, gör necə insan gəldi!

 

Həvəsin vardır əgər lə’li-ləbindən öpəsən,

Qorxma, öp, söylə ki, həqdən belə fərman gəldi.

 

Belə gəldi, belə getdi – demə çoxdur, qaç, gəl,

Adam ol, bir söz eşit, gör odu, Qurban gəldi.

 

Uçurub qatırı məl’un, odunu çöldə salıb,

Balta çiynində köpək, arxada palan gəldi.

 

Çox əcəb vaqeədir, xeyrdir, inşaallah,

Budu tə’biri bunun kim, sizə mehman gəldi.

 

Dediyin pərdədəki gizli sözün tə’biri,

Budu kim, yer üzünə bir əcəb oğlan gəldi.

 

E’tibar eyləməyin çox da Nəbati sözünə

Ki, əzəldən ona qismət belə həzyan gəldi.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info