Qonaq Kitabı
LAÇIN YUVASI

Drama 3 pərdədə

 

İŞTİRAK EDƏNLƏR

Ə m i r a s l a n   a ğ a - 50 yaşında, böyük mülkədar.

C a h a n g i r   a ğ a  - onun oğlu, 22 yaşında, bolşevik.

P ə r i c a h a n   x a n ı m - onun qardaşı qızı, Cahangirin nişanlısı, 20 yaşında.

G ö v h ə r   x a n ı m - Əmiraslan ağanın arvadı.

Ə d i l   b ə y - Cahangir ağanın dayısı, bolşeviklərin tərəfdarı.

H a d i   l ə l ə - Cahangirin lələsi.

S ə l i m   b ə y

H e y d ə r   b ə y }    Bəylər.

M u x t a r   b ə y

M e h r ə l i   b ə y

H a c ı   İ m a n q u l u - tacir, 60 yaşında

M o l l a   S a d ı q - axund

C ə f ə r q u l u - qolçomaq

S ə n ə m

S ə f ə r }    Əmiraslan ağanın xidmətçiləri.

Ə h m ə d

Bir neçə qoşun əhli, bir neçə kənd əhli.

 

B İ R İ N C İ   P Ə R D Ə

 

Hadisə ilk baharda, böyük mülkədar Əmiraslan ağanın dağ döşündəki kəndində vaqe olur. Kəndin üst tərəfində hasarlanmış əski bir köşk (qala), onun yaxınlıgında Əmiraslan ağanın evi. Səhnə Əmiraslan ağanın otağını göstərir. Otağın divarları və səqfi Firdovsinin "Şahnamə" əsərinin qəhrəmanlarının rəsmi ilə müsevver, pəncərələrin şüşələri rəngbərəngdir. Açıq pəncərələrdən dağlar, çay və qala görünür.

 

G ö v h ə r   x a n ı m (tək). Xudaya, mən nə günahın sahibiyəm ki, məni belə böyük bir bəlaya giriftar etdin? Tam üç ildir ki, gözlərimin nuru, ciyərparəm, yurdumun çırağı, tək bir övladımın həsrətini çəkirəm. Cahangirim, gözəl oğlum, cavan oğlum, başına nə bəla gəldi ki, bu uzun müddətdə gəlib əziz vətəninə çıxa bilmədin? Söyləyirlər ki, Rusiyada inqilabdır. Orada su yerinə qan axır. İnsanlar acından tələf olurlar. Ya rəbbi! Bu tökülən göz yaşıma rəhmin gəlsin. Ey uca tanrı! Ey böyük allah! Ey cəmi yaranmışın pənahgahı! Oğlumu səndən istəyirəm. Ciyərparəmi tezliklə mənə yetir (Hadi lələ daxil olur. Gövhər xanım iztirab ilə.) Hadi lələ, nə xəbərlə gəlmisən? Oğlumdan bir şey bildinmi?

H a d i   l ə l ə (məyus bir hal ilə). Xeyr, xanım, şəhərdə bir adam qalmadı ki, ondan Cahangir ağanı soruşmamış olam. Lakin bir şey hasil olmadı. Rusiya yolu hər tərəfdən bağlı, bir gediş-gəliş yox...

G ö v h ə r   x a n ı m (ağlar səslə). Demək,heç ümid yox, çarə yox...

H a d i   l ə l ə. Xanım, bircə çarə var...

G ö v h ə r   x a n ı m. O nə çarədir? Tez ol, de, ürəyim tab etmir!

H a d i   l ə l ə. Xanım, sənə məlumdur ki, Cahangir ağanı bu əllərim üstə böyütmüşəm. Gecələr nağıl deyib yatırtmışam. Gündüzlər gəzdirib muğayat olmuşam. Mən bilirdim ki, onun ayrılığına dözə bilməyəcəyəm. Onun üçün də Rusiyaya gedən zaman Əmiraslan ağanın ayaqlarına yıxılıb yalvardım ki, məni Cahangir ağadan ayırma, onunla Rusiyaya getməyə, mənə də izin ver, razı olmadı. Bu əhvalat yadındadırmı?

G ö v h ə r   x a n ı m. Bəli, yadımdadır. Sənin də yadındadırmı, mən onun ayaqlarına düşüb yalvardım ki, məni bədbəxt etmə, bu səkkiz il oxuduğu kifayət edər. Bir belə mal-dövlət sahibidir. Daha nəyə ehtiyacı var ki, cavan ömrünü qürbət ölkədə çürüdə. Mənim də sözümə qulaq asmadı. Dedi: "Gərək mənim oğlum universitet qurtara!" Özün de bilirsən ki, istər dünya alt-üst olsun, Əmiraslan ağa dediyindən dönməz.

H a d i   l ə l ə. Ağanın o xasiyyətini mən də bilirəm. İndi fikrim budur ki, Bakıya gedəm, oradan bir xəbər biləm. Bu da mümkün olmasa, Rusiyaya gedərəm, ağamı axtarıb taparam.

G ö v h ə r   x a n ı m (təəccüblə). Sənmi?

H a d i   l ə l ə. Bəli, mən. Gecələr yata bilmirəm, xəyalıma cürbəcür fikirlər gəlir. Deyirəm, bəlkə, o təhlükədədir, məni imdada çağırır, mənsə burada istirahət edirəm. Yox, xanım, daha səbir edə bilmərəm, getməliyəm.

G ö v h ə r   x a n ı m. Hadi lələ, Əmiraslan ağa səni buraxarmı?

H a d i   l ə l ə. Bilirəm, buraxmaz, lakin mən ondan izinsiz gedəcəyəm və bir də ağanın mənə nə ehtiyacı var? Qulluğunda duran xidmətçilər çoxdur. Mənim getməyimdən xəbəri olmayacaqdır. Sizin də bu sirri kimsəyə deməyəcəyinizə əminəm.

G ö v h ə r   x a n ı m. Ondan arxayın ol, ancaq məni təşvişə salan bir tərəfdən Rusiya yollarının bağlanması, orada və Qafqazda törənən vuruşma, çarpışma, o biri tərəfdən də sənin qocalığındır. A kişi, bu sinnində haraya gedib çıxacaqsan?

H a d i   l ə l ə. Bunların hamısı düzdür, lakin allahı da unutmamalı, hər bir şey onun əlindədir. Ya məramıma nail olacağam, ya da bu yolda fot olacağam.

G ö v h ə r   x a n ı m. Hadi lələ, sənin bu fədakarlığın məni bir tərəfdən şad edir, o biri tərəfdən qəmgin. Şadam ki, belə qorxulu üsyan zamanında sənin kimi fədakar, əməkdar xidmətçilərimiz var. Qəmginəm ki, bu sinnində istirahət əvəzinə, belə qorxulu və ağır səfərə gedirsən. Nə deyim? Get, allah sənə yar olsun. Hərgah oğlumu tapıb mənə yetirsən, səni lazımınca razı edib ölənə kimi yadımdan çıxarmaram. Yola götürməyə lazımından artıq pul və qızıl verəcəyəm ki, bəlkə onların gücü ilə bir iş görə biləsən.

 

Bu halda Əmiraslan ağa daxil olur.

 

Ə m i r a s l a n   a ğ a. Yenə baş-başa verib nə plan çəkirsiniz?

H a d i   l ə l ə. Ağa, Gövhər xanım ilə mənim, Cahangir ağadan başqa nə söhbətimiz olacaq?

Ə m i r a s l a n   a ğ a. Gerçəkdən, Cahangirdən bir xəbər yoxdur. Özüm də mat qalmışam.

G ö v h ə r   x a n ı m. Əlbəttə, mat qalarsan. Sənin tərsliyindən indi mən bədbəxt ana, çarəsiz qalmışam.

Ə m i r a s l a n   a ğ a. Gövhər, sus, yenə ovqatımı təlx etmə!

G ö v h ə r   x a n ı m. Xeyr,bağışla, bu uzunmüddət susduğum kifayət edər! Daha bəsdir! Səbir kasam dolub daşmış. Məni arvad yerində, xanım yerində qoymursansa, övladının anası yerində qoy. Onu da istəmirsənsə, bir yad qadın, bir məzlum insan yerində qoy. Qapındakı nökər qorxudan sənə söz qaytarmırsa da, heç olmasa üzünə baxa bilir, lakin mən ona da cürət edə bilmirəm. (Ağlayır.)

Ə m i r a s l a n   a ğ a. Gövhər, məndən nə istəyirsən?!

G ö v h ə r   x a n ı m. Səndən övladımı istəyirəm!

Ə m i r a s l a n   a ğ a. Mən nə edim? Rusiya yolu bağlı, poçt, teleqraf da işləmir.

G ö v h ə r   x a n ı m. Bəs bunu nə üçün əzəldən fikir etmədin? Niyə mənim məsləhətimə qulaq asmadın? Səkkiz il oxuduğu bəs idi. Pəricahan haçana kimi onu gözləsin?

Ə m i r a s l a n   a ğ a. Bəs sənin istədiyin o idi ki, baqqal Səfdərqulunun nəvəsi Həsənəli məktəb qurtarsın, amma Hidayət ağanın nəvəsi Cahangir ağa yarım təhsildə qalsın? O ki qaldı Pəricahana, o özü gimnaziyanı qurtarmış bir qızdır. Əmizadəsinin ali məktəbə getməsinə çox şad idi.

G ö v h ə r   x a n ı m. Yaxşı, ona razı olmadın, bəs Hadi lələni nə üçün Cahangirdən ayırdın? İndi belə zamanda sən də, mən də arxayın olardıq.

Ə m i r a s l a n   a ğ a. Elə bu ağıllamı mənim işlərimə qarışmaq istəyirsən? 19 yaşında cavana lələmi lazım idi? Bundan əlavə Hadi lələ bu sinnində Rusiyada necə yaşaya bilərdi? Getmiş olsaydı, indi o da qırılanların biri idi.

G ö v h ə r   x a n ı m (iztirabla). Demək, Cahangirin də diriliyinə ümid yoxdur?

Ə m i r a s l a n   a ğ a. Onu demədim.O onun fərasətinə baxır: hərgah başında bir şey varsa, başqaları kimi xarici məmləkətə qaçıb canını qurtarar və bir də mənim oğlum rusların knyaz, qraf, baron və qeyri nücəba övladlarından artıq və əzizmidir? Onlar necə olar, o da onlar kimi.

H a d i   l ə l ə. Ağa, Cahangir ağa dinc, rəhmdil və hamı ilə mehriban rəftar edin bir cavandır. Onunla kimin işi ola billr?

Ə m i r a s l a n   a ğ a. Belə hərc - mərclikdə onun kimi dilsiz - ağısızlar tələfə gedə bilərlər. Cahangir mənə və mənim nəslimə əsla oxşamayıbdır. Bax, buna və bunun nəslinə oxşayıbdır. (Barmağı ilə Gövhər xanımı göstərir.) Mənim əcdadım atan, kəsən, vuran, yıxan, hökmdar bir nəsil olmuş. Əbəs yerə familiyamız "Şirzadə" deyildir. Bax, bizim nəslə layiq mərhum qardaşımın qızı Pəricahandır: at minməkdə, tüfəng atmaqda cümləni heyrətə gətirir.

 

Bu halda Pəricahan xanım çərkəzi libasda, əlində qırmanc daxil olur və qaçaraq Əmiraslan ağanın boynuna atılır.

 

P ə r i c a h a n   x a n ı m. Əmucə, sənə bir yaxşı xəbər gətirmışəm!

G ö v h ə r   x a n ı m. Qızım, Cahangirdənmi?

P ə r i c a h a n   x a n ı m. Xeyr, əmucə muştuluğuma nə verəcəksən?

Ə m i r a s l a n   a ğ a. Qızım, hər nə istəsən.

P ə r i c a h a n   x a n ı m. Xaldar dayça mənim.

Ə m i r a s l a n   a ğ a. Sənin, ingilis tüfəngim də üstəlik.

P ə r i c a h a n   x a n ı m. Hadi lələ, sən nə verəcəksən?

H a d i   l ə l ə. Xanım, mənim nəyim var ki, nə də verim?

P ə r i c a h a n   x a n ı m. Sən də bu gecə mənə Mələkzadə nağılı kimi gözəl bir nağıl söylərsən.

Ə m i r a s l a n   a ğ a. İndi söylə görüm nə xəbər gətirmişsən?

P ə r i c a h a n   x a n ı m. Əvvəl mənə bir qəziyyə üz verdiyini söyləyim, sonar gətirdiyim xəbəri. Əmucə, qaşqa at altımda qoruqdan gəlirdim. Qarşıma bir kəndli çıxdı. Qaşqa atı çamura salmağa heyfim gəldi. Oğlana dedim: "Yoldan çıx!" Kəndli mənə acıqlı baxıb dedi: "Heyvanı məndən əzizmi tutursan, mən niyə çamura girim?" Bu cavabdan qan başıma sıçradı. Qaşqa atı tərkimləyib kəndliyə bir elə qırmanc çəkdim ki, özünü qurbağa kimi çamura atdı.

Ə m i r a s l a n   a ğ a. Afərin, qızım, əcəb etmisən. Gərək qabağına salıb buraya gətirəydin. Cəzasını mən verərdim. Kəndlini tanıdınmı?

P ə r i c a h a n   x a n ı m. Bəli, Ədil dayının sabiq rəiyyəti Həsənqulu idi. Daldan qışqırdı ki, "Dayanın, ay ağalar, vaxtınız yaxınlaşmışdır".

Ə m i r a s l a n   a ğ a. Elə itaətsizlik ancaq Ədil bəyin rəiyyətlərindən baş verir. İxtiyar verib kəndliləri başına çıxartmışdır.

H a d i   l ə l ə. Həsənqulu ilə atası Cənnətəli də bacarmayır. Davakar, sərt dəliqanlının biridir.

P ə r i c a h a n   x a n ı m. Sonra Mirzə Salehə rast gəldim. Dedi ki, qubernator dayına teleqraf gəlmiş ki, Şimali Qafqazda dağıstanlılar bolşevikləri elə pozmuşlar ki, o şiş papaqlarını da qoyub qaçmışlar.

Ə m i r a s l a n   a ğ a. Nə gözəl xəbər! Nə şadlıq müjdəsi! Sağ olsun qəhrəman dağıstanlılar! İndi baron Vrangel də arxalarını kəsib onlara elə bir üsul tutsun ki, daha bir də Rusiyada bolşevik adı çəkilməsin.

 

Səfər daxil olur.

 

S ə f ə r. Ağa, bəylər gəlib sizi görmək istəyirlər.

Ə m i r a s l a n   a ğ a. De, gəlsinlər.

 

Əmiraslan ağadan başqa qeyriləri çıxırlar. Sonra Mehrəli bəy, Səlim bəy, Heydər bəy və Muxtar bəy daxil olurlar.

 

M e h r ə l i   b ə y. Çox təəccüblü işdir!

H e y d ə r   b ə y. Ağla sığışan iş deyil.

Ə m i r a s l a n   a ğ a. Çox gözəl xəbərdir!

S ə l i m   b ə y. Əmiraslan ağa, nə deyirsən? Çox gözəl xəbərdir?!

M e h r ə l i   b ə y. Əmiraslan ağa, haçandan bolşevik tərəfdarı olmuşsunuz?

Ə m i r a s l a n   a ğ a. Səndə haçandan ağlını itirib məndən belə səfeh sual edirsən?

M e h r ə l i   b ə y. Doğru buyurursan, bu xəbəri eşidəndən bəri ağlımı itirmişəm.

Ə m i r a s l a n   a ğ a. Doğrudanda, biz bir-birimizi anlamırıq. Oturun görüm, bu xəbər sizi nə üçün belə çaşdırmış? Qəhrəman dağıstanlılar düşmənimiz bolşeviklərə elə bir toy tutmuşlar ki, ta həşrədək yadlarından çıxarmazlar.

B ə y l ə r (gülüşürlər.) Ha-ha-ha...

Ə m i r a s l a n   a ğ a. Nəyə gülürsünüz?

M e h r ə l i   b ə y. Öz halımıza gülürük. Görünür, əhvalatdan müxbir deyilsiniz. Qubernator Nadir bəyə Bakıdan teleqraf vasitəsi ilə xəbər vermişlər ki, müsavat hökuməti bolşeviklərə təslim olmuşdur. İndi orada Şura hökuməti qurulmuşdur.

Ə m i r a s l a n   a ğ a. Bu xəbər səhihmidir?

M u x t a r   b ə y. Bəli, doğrudur, teleqrafı Nadir bəydən alıb özüm oxumuşam.

Ə m i r a s l a n   a ğ a. Teleqraf nə vaxt gəlmiş?

M u x t a r   b ə y. Bu gün səhər.

Ə m i r a s l a n   a ğ a. Bəs nə üçün Nadir bəy mənə məlum etməmiş?

M u x t a r. Ədil bəy orada idi. Yəqin onunla xəbər göndərəcəkdir. O da gələcəkdi, ancaq mən onu gözləyə bilmədim, tez çıxdım. Odur özü gəlir.

 

Ədil bəy daxil olur.

 

Ə d i l   b ə y. Yoldaşlar, salaməleyküm.

Ə m i r a s l a n   a ğ a. Ah, yenə qulağıma bu söz dəydi!

Ə d i l   b ə y. Əzizim, nə üçün ovqatım təlx edirsən? Yoldaş, yəni birlikdə yola çıxan adam, məsələn: Muxtar bəy məni gözləməyib qaçdı, yoldaşlıq etmədi. İndi hansınızdan muştuluq almışsa, ona şərikəm.

Ə m i r a s l a n   a ğ a. Ədil, zarafatı burax, mənə Nadirdən nə xəbər gətirmişsən?

Ə d i l   b ə y. Buyur, öz mübarək dəsti-xəttilə yazılmış məktubu. (Məktubu verir.)

Ə m i r a s l a n   a ğ a. (məktubu oxuyarkən). Biqeyrətlər! Binamuslar, vətəni satanlar! Görəsən hərəsi nə qədər rüşvət almış. Bəs batmış müsavat əsgərləri harada qalmışlar? (Hirslə məktubu cırıb atır.)

Ə d i l   b ə y. Hansı əsgərləri deyirsən? Xan, bəy, tacir övladlarından toplanmış əsgərlərimi?

M e h r ə l i   b ə y. Ədil bəy, biz buraya bir-birimizə tənə, məzəmmət etməyə yığışmamışıq. Sənin də oğlun olsaydı, hamıdan tez İrana, Turan qaçırtmışdın. Biz buraya, Əmiraslan ağanın məsləhətinə toplaşmışıq. Nə tədbiri varsa, buyursun.

Ə m i r a s l a n   a ğ a. Müsavat hökuməti bolşeviklərə təslim olmuşdur, fəqət mən Hidayət ağanın oğlu Əmiraslan elə dinsizlərə təslim olmaram. Buyursunlar, zor ilə tabe etdirsinlər. Bu mənim cavabım! Hansınız mənimlə həmrəydir, buyursun, gözüm üstə yeri var. Hər kəs papaq əvəzinə başına arvad yaylığı örtmək istəyirsə, ona da yol açıqdır. Getsin, bolşeviklərə qul olsun. Bu mənim sizə deyəcək axırıncı sozüm. O babalarım tərəfindən təmir olunmuş "Laçın yuvası" adlı qalanı görürsünüzmü? (Barmağı ilə açıq pəncərədən görünən köşkü göstərir.) İdiyədək bir düşmənə təslim olmamış, nə qədər də mən sağam təslim olmayacaqdır.

Ə d i l   b ə y. Babaların onu kimin qüvvəsi ilə saxlamışlar?

Ə m i r a s l a n   a ğ a. Doğrudur. İndi həmin kəndlilər daha siz ağalara qul olmaq istəmirlər. İndi onlar "Cəmi insan birdir" deyə haqlarım tələb edirlər.

M u x t a r   b ə y. Haqlarını tələb etsələr, dərd yarıdır. İndiyə kimi yerləri bizim üçün becərmişlər, qoy indi də özləri üçün becərsinlər, lakin onların fikri hökuməti özlərindən qurub, bizlərə ağalıq etməkdir.

Ə m i r a s l a n   a ğ a. Ha-ha-ha... Həsənqululardan, cənnətəlilərdən, fatmanisalardan hökumət! Dünya dəli olmuşdur? Dayanın, bu saat o hökumət üzvlərini sizə təqdim edəcəyəm. (Qışqırır.) Əhməd, Səməd, Səfər. (Nökərlər cəld daxil olurlar.) A gədələr, bu saat cəmi xidmətçiləri buraya toplarsınız, deyin ağa çağırır. Gec gələnin dərisi qırmancımın altında çıxacaqdır.



 
[1] [2] [3] [4] [5] [6] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info