Qonaq Kitabı
QARANLIQDAN İŞIĞA

Bir pərdəli pyes

 

İŞTİRAK EDƏNLƏR

 

O ğ u z - qoca bir türk

U l u ğ - onun oğlu

Ə b d ü s s ə l a m - qoca bir ərəb

Q a s ı m - onun oğlu

Z e y n əb - onun qızı, Uluğun namizədi

C ə m ş i d - qoca bir fars

Q u b a d - onun oğlu

F i r ə n g i z - onun qızı

B a h a d ı r - qoca bir hindli

Ə k b ə r - onun oğlu

L i-x u n-c a n ğ - qoca bir çinli

X u n-x u z - onun oğlu

M a r z a v a n - əcinnə jandarması

C u r c a n - əcinnə komandanı, Daxnaşın pəhləvanı

İ k i   m ə m u r

B i r   t a q ı m   ə c i n n ə   q o ş u n u

 

Səhnə qaranlıq bir mağara içini göstərir. Pərdə qalxdıqda cavanlar ayaq üstə və qocalar oturmuş görünür.

 

Ə b d ü s s ə l a m. Ey Oğuz oğlu Uluğ, bizi buraya toplamaqdan məramın nədir? Bilmək istərik.

C ə m ş i d. Ey Oğuz oğlu, qəlyanımın vaxtıdır, deyəcəyini tez söylə, dözə bilmirəm.

L i-x u n-c a n ğ. Ey Oğuz oğlu, tiryakim qaldı. Mətləbini əcələ söylə.

U l u ğ. Ey əhli-zülmət! Bu qaranlıq dünyada əsrlərcə yatdığın yetər, bu qədər sərxoş olub alçaqlara qul olduğun yetər, həşərat kimi ayaqlar altında süründüyünüz yetər. Qəflət yuxusundan ayıl. Acizliyi, zəifliyi burax. Kim olduğunu düşün. Səni işıqdan məhrum edib bu qaranlığa salan divləri, cinləri yıx, əz, qır, özünü onların zülmündən xilas et. Bu zülmət aləmindən işıqlı dünyaya çıx!..

B a h a d ı r. Ey Oğuz oğlu, nə söyləyirsən? Məyər bu zülmət aləmindən başqa bir qeyri dünya da var?

U l u ğ. Bəli, var. Onun adı işıqlı dünyadır. Onu yüksək intəhasız fəzadan günəş işıqlandırır. İşıqlı dünyanın gözəlliyi vəsfə gəlməz. Yaşıl mənzərəli dağlar, üzərindən şıqqıltı ilə axıb mühitlərə tökülən nəhrlər, qayalardan fəvvarələnib uçan şəlalələr, çiçəklərlə bəzənmiş çəmənlər, seyrəngahlar, gülşənlər, onlarda ötüşən quşlar, uçuşan rəngbərəng pərvanələr, müxtəlif heyvanlar işıqlı dünyanı zinətləndirir...

Ə b d ü s s ə l a m. Ey Oğuz oğlu, toxda, əcaba əfsanəyi söyləmək üçünmü bizi buraya toplamısan.

L i-x u n-c a n ğ. Ey Oğuz oğlu, elə nağılları bu çocuqlara söylə, biz qocaları belə xürafat ilə aldada bilməzsən.

C ə m ş i d. Ey sükuta getmiş Oğuz! Oğlun dəli olmuş, başına çarə qıl.

Ə b d ü s s ə l a m. Oğuz, bu gündən əhdimiz pozulur. Mən qızım Zeynəbi belə sərsəriyə vermərəm.

O ğ u z. Ey Əbdüssəlam, əhdini tez pozursan. Uluğ sərsəm olmuşdur, - bu doğru, fəqət onu əqlə gətirmək asandır.

U l u ğ. Ey mənə cünun namı verən əhli-zülmət! Mən söylədiyim əfsanə deyil, həqiqətdir. Mən o işıqlı dünyanı bütün vücudumla hiss edirəm, görürəm, eşidirəm. Sizlər isə paslanmış, qabarlanmış əqlinizlə qüvvətdən düşmüş, zəifləşmiş hissinizlə onu dərk edə bilməyirsiniz. (Səhnə dalından kamança səsi gəlir) Ah... Yenə qulağıma o dünyanın musiqi sədası gəlir... Dinləyin, dinləyin... Eşidirmisiniz?

Q o c a l a r. Eşitmirik.

U l u ğ. Eşitməyirsiniz, çünki karsınız... (Yuxarıdan ağ işıq görünür) Bax... bax... o səmadəki nuru görürmüsünüz?

Q o c a l ar. Görmürük.

U l u ğ. Görmürsünüz, çünki korsunuz. Ey əhli-zülmət! Mən Oğuz oğluna inanınız. Bu divlər tərəfindən hörülmüş sədləri yıxıb, bu qayaları dəlib deşərəm, sizi bu zülmətdən işıqlığa çıxardaram. Hər kəs mənə inanırsa, bu qırmızı inqilab bayrağı altına gəlsin. (Qırmızı bayrağı qaldırır).

Z e y n ə b. Sənə inanıb bayrağın altına gəlirəm. (Gəlib bayrağın allında durur.)

F i r ə n g i z   v ə   Q u b a d. Biz də sənə inanırıq. (Onun tərəfinə keçirlər).

C a v a n l a r. Sənə inanıb bayrağın altına gəlirik. (Uluğ tərəfə keçirlər).

Q o c a l a r. Ey divanələr, nə edirsiniz?

O ğ u z. Məyər Daxnaş divin əcinnə qoşununu unutmuşsunuz?

U l u ğ. Xeyr, unutmamışıq. Onlarla qovğa etməyə hazırıq. İndiyə kimi bizə mane olduğunuz yetər. Çəkiliniz, daha bəsdir. Səbir kasamız dolub daşmış. Ya hamımız bu yolda öləcəyik, ya da divlərə qalib gəlib işıqlı dünyaya çıxacayıq.

 

Marzavan iki nəfər məmur ilə daxil olur.

 

M a r z a v a n. A! Gizli yığıncaq! Qırmızı bayraq! Oğuz, bu nə işdir? Söylə.

O ğ u z. Cənab Marzavan, bu gün bizim bayramımızdır. Cavanlar bir qədər şadlıq etmək istəyirlər.

C ə m ş i d. Cənab Marzavan, bu gün bahar günüdür. Qədim zamandan bəri bu gündə baharı yad edərək, qırmızı libas geyib bayram etmək rəsmdir. Bu qırmızı bayrağa başqa məna verməyiniz.

U l u ğ. Cəmşid baba doğru deyir. Bu gün bizim üçün tarixi gündür. Bu gün biz inqilab bayrağını qaldırıb siz zalimlərdən xilas olmaq istəyirik. Bəxtiyar, azadə insanlar sırasına girmək istəyirik.

C a v a n l a r. Bəli, istəyirik!

M a r z a v a n. A!.. Üsyan! İnqilab! Bunu alın! (Uluğu göstərir.)

Q a s ı m   v ə   Q u b a d (qılınclarını sıyırıb). Qoymarıq!

Ə k b ə r (qılıncını çəkib). Hər kəs Uluğa əl qaldırarsa, başını boynundan ayıraram.

X u n-x u z. Görünür, Xun-xuzun əyri moğol qılıncının gücünü bilmək istəyirsiniz.

B a h a d ı r. Cənab Marzavan, bu əqilsiz cavanların sözlərinə fikir verməyiniz, əfv ediniz. Biz vəlinemətimiz olan həzrət Daxnaşın ən sadiq, xalis, əməkdar bəndələriyik. Onun mərhəmətləri sayəsində səadətlə yaşayırıq. Ona itaət etmək bizim üçün vacib bir əmrdir.

L i-x u n-c a n ğ. Tanrı ədalət, səxavət sahibi olan Daxnaş həzrətlərinə ömri-tulani baxş etsin. Bizlərə öz evladı kimi nəzər yetirir. Tiryəkimizi bol-bol verir.

U l u ğ. Ey azadlığım, irz-namusunu, istiqbalını tiryəkə, şəraba, qızıla satan qocalar! Daha yetər. Çəkiliniz, yoxsa, sizi də bu zalimlərə qatıb inqilaba qurban ederəm. Qubad, Qasım, Xun-xuz, bunları tutunuz, həbs ediniz!

 

Marzavanın və məmurların üstə hücum edirlər. Çarpışma düşür. Marzavan və bir məmur qətlə yetir. O biri məmur qaçır. Əkbər onun dalınca gedir.

 

Q o c a l a r. Vay bizim halımıza!

C ə m ş i d. Bu saat Daxnaşın qoşunu buraya töküləcəkdir, qaçmaq lazımdır.

Q o c a l a r. Qaçaq, qaçaq.

 

Gedirlər.

 

U l u ğ. Yoldaşlar, durmayınız. Divlərin hörmüş olduğu bu dağları uçurdalım.

 

Balta, külüng, sünbə, çəkic və qeyri götürüb dağı sökməyə başlayırlar, Əkbər daxil olur.

 

Ə k b ə r. Daxnaşın qoşunu gəlir.

U l u ğ. Yoldaşlar, hazır olun! Kişilər birinci sırada, qadınlar ikinci sırada durunuz!

 

Uluğ dəstənin başında durub. Curcan bir taqım əcinnə qoşunu ilə daxil olur.

 

C u r c a n. Yahu! Sizsiniz inqilab qaldıran? Üsyan edən? Təslim olunuz!

U l u ğ. Siz alçaqlara təslim olmarıq! (Qılıncını sıyırıb.) Mübariz istəyirəm. Curcan, cürətin var isə meydana çıx!

C u r c a n. Ha... ha... ha... Ey yazıq çocuq! Gör kimi mübarizəyə çağırırsan. Daxnaşın birinci pəhləvanı Curcanı!

U l u ğ. Qılınc meydanında söz lazım deyil. Buyur, meydan açıqdır.

C u r c a n. Ay... ay... belə... Al gəldi!

 

Uluğ ilə vuruşur. Uluğ Curcanı öldürür, qoşun qaçır.

 

U l u ğ. Yoldaşlar, indi iş dalınca olmalı.

 

İki hissə olub dağı uçururlar, dal pərdədə bir sərdabə görünür. Onun üç tərəfində üç böyük hərflə yazılmış: ELM

 

Q a s ı m. Uluğ, yenə zülmət. Bəs vəd etdiyin işıqlı dünya hanı?

F i r ə n g i z. Uluğ, o gözəl dünyanı ver.

Ə k b ə r. Uluğ, səndən cavab gözləyirik.

U l u ğ. Yoldaşlar, şübhəyə düşməyiniz. Bizi qaranlıqdan işıqlığa üç şey çıxarar. Qüvvət, zəhmət, bilik. İkisini əmələ gətirmişik, qalıbdır biri. Zənnimcə, bu sərdabə zülmətdən işığa qapıdır. Onu açmaq lazımdır. Xun-xuz, üst qarmağı aşağı çək.

X u n-x u z (E hərfini çəkir.) Açılmır.

U l u ğ. Qasım, sağ qarmağı çək.

Q a s ı m (L hərfini çəkir.) Açılmır.

U l u ğ. Əkbər, sol qarmağı çək.

Ə k b ə r (M hərfini çəkir.) Açılmır.

U l u ğ. İndi kənara çəkilin!

 

Üç hərfi bir-birinə yapışdırır. Sərdabə üzərində qırmızı işıq ilə böyük bir "ELM" yazılır. Sərdabədən ağ işıq görünür.

 

C ü m l ə s i. Ah açıldı.

 

Zeynəblə Firəngiz öpüşürlər.

 

U l u ğ. Xun-xuz, inanmayan babalarımızı çağır, gəlib görsünlər, taki inansınlar.

 

Xun-xuz gedir.

 

Z e y n ə b. Ah, ürəyim dözməyir. İşıqlı dünyanı tez görmək istəyirəm.

 

Xun-xuz daxil olur.

 

F i r ə n g i z. Ah! O dünyanı işıqlı edən günəşi bircə tez görə idim.

 

Qocalar danışa-danışa gəlirlər.

 

C ə m ş i d. Elə şey ola bilməz.

L i-x u n-c a n ğ. Heç vaxt inanmam.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info