Qonaq Kitabı
Soruşdum dilbərdən: yoxsa bərki-gül

 

Soruşdum dilbərdən: yoxsa bərki-gül
Lətafəti gül bədəndən öyrənib?
Dedi: təqərrübü yoxdur o qədər,
Varsa da, eşidib gendən, öyrənib.

Məhəbbət damını yırtıb çıxmağı,
Səyyadının xanimanın yıxmağı,
Yeriyib-yeriyib, durub baxmağı
Ahu bu rəvişi səndən öyrənib.

Zahirdi ğəmzənin cigər sökməyi,
Can almağı, nahaq qanlar tökməyi;
Gözündə ox atıb, kaman çəkməyi,
Belə billəm, o pürfəndən öyrənib.

Ay, gün camalını görəndən bəri
Sənsən dillərinin zikri, əzbəri.
Naqisdi vəsfində Zöhrə, Müştəri,
Çünki onlar özgəsindən öyrənib.

Görəndə Zakirdən istər yaşına,
Bimürüvvət qoymaz dönəm başına,
Deməz ki, pərvanə eşq ataşına
Yanmağı binadən məndən öyrənib.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info