Qonaq Kitabı
Dilbər, sən gedəli xəstə düşmüşəm

 

Dilbər, sən gedəli xəstə düşmüşəm,
Gələ gör ki, intizardı can sana.
Ruzigarım qara keçdiyin məgər
Söyləməyib zülfi-pərişan sana?

Müjganların salıb bağrıma zədə
Dözmək olmaz munca dərdi-bihədə.
Çəkibsən özünü bürci-Əsədə,
Nə nalə yetişir, nə fəğan sana.

Həsrətin çəkməkdən qan olub cigər,
Tərk eylə cəfanı, allahı sevər!
Ahi-səHərimdən asibü zərər,
Qorxuram yetişə, növcavan, sana.

Görməseydim əgər mehrü məhəbbət,
Haşa eylər idim səninlə ülfət!
Varə-varə oldun, zalim, bimürvət,
Əzəldən yox idi bu güman sana.

Götürüb xublardan dəstəbədəstə,
Barı gəl öləndə qəbrinin üstə,
Çünki sağlığında Zakiri-xəstə
Qulluq edib axşam sana, dan sana.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info