Qonaq Kitabı
Dur sallan, dur sallan, boyun qurbanı

 

Dur sallan, dur sallan, boyun qurbanı,
Tamaşalər etsin sənəmlər sana.
Doğrasın əllərin turunc yerinə,
Baxa-baxa qalsın hərəmlər sana.

Kimin ki, güzarı düşsə kuyinə,
İlişir yüz yerdən tari-muyinə,
Qoymazsan doyunça baxa ruyinə,
Aşiq olan adam vərəmlər, sana.

Bari-möhnət əyib qəddi-dalımı,
Xəzanə döndərib rəngi-alımı;
Sifariş eylərəm keçən halımı,
Bir gedən olmadı bu dəmlər, sana.

Hər sənəm ki verə yarına zəhmət,
Oxunur elünçə zatına lənət;
Dolanım başına, olma bimürvət,
Yaraşır ehsanü kərəmlər sana.

Səbəb nədir əl çəkibsən vəfadən,
Usanmazsan bir dəm cövrü cəfadən;
Zakirin naləsi keçdi səmadən,
Məgər əsər etməz bu ğəmlər sana?

A ləbləri badə, ağzı piyalə!
Bir söz desəm olma bidəmaq, sana.
Yetişibsən, indən belə yaraşmaz
Yadlar ilə deyib-danışmaq sana.

Əcəb bihəyadır çərxi-kəcrəftar,
hər ayda bir hilal eylər aşikar;
Şəksiz sənin ilə ədavəti var,
Göstərir düşəndə qaş-qabaq sana.

Mədənisən felin, nazü ğəmzənin,
Bərabərin yoxdu aləmdə sənin;
Təhrik eyləməsə səba, ğönçənin
Ağzı nədir aça dil-dodaq sana?!

Cəvahir qolbaqlar bəyaz biləyi
Gahi qucar, gahi eylər hənəyi,
Behiştin hurisi, göyün mələyi
Yetişməz, yüz çala əl-ayaq, sana.

Zakirəm, eylədin əqlimi zayil,
Olmaz belə surət, belə şəmayil;
Elə mən deyiləm hüsnünə mayil,
Göz dikibdir tamam Qarabağ sana.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info