Qonaq Kitabı
Gözüm yolda qaldı, könül intizar

 

Gözüm yolda qaldı, könül intizar,
Gəlmədi canandan bir xəbər mana.
Ğəm tutub yaxamı, Hər yana dartar,
Nə həmdəm tapılır, nə yavər, mana.

Qəhbə fələk xub susayıb qanıma,

Bir kimsənə yoxdur gələ yanıma.
Eşq atəşi bir od salıb canıma,
Yanmaqda yetişməz səməndər mana.

Necə ki, onunla həmzəban idim,
Xəlq içində sultan idim, xan idim,
Bir müddət yar ilə mehriban idim,
Gör nə oyun tutdu bədnəzər mana.

Hərcayi sözünə etibar olmaz,
Bihəyadə namus olmaz, ar olmaz.
Cəfa çəkmə, məndən sana yar olmaz
Dönə-dönə dedi o dilbər mana.

Zakirəm, sızlaram misli-əndəlib,
Tapmayıb dərdimi, çəkildi təbib.
Bəxtəvər başına sənin, ey rəqib,
Xeyir sana qismət oldu, şər mana!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info