Qonaq Kitabı
MƏXFİ

 

MƏRKƏZİ KOMİTƏYƏ

Yol. [İ.V.] STALİNƏ

Surəti: Yol. [L.D.] TROTSKİYƏ

Yol. [K.B.] RADEKƏ

 

UCQARLARDA İNQİLABIMIZIN TARİXİNƏ DAİR

 

1) Şərq məsələsi

2) Azərbaycanda vəziyyət

                                                                      iyun 1923 -27 may 1924-cü il

 

 1919-1920-ci illərdə RSFSR Xalq xarici işlər komissarlığı yanında Şərq şöbəsinin müdiri olduğum zaman, mən yol. Çiçerinin Şərq siyasətini düzgün başa düşməməsi barədə dəfələrlə qeyd etmişəm.

RKP MK arxivində yəqin ki, mənim məruzələrim qalır, bu məruzələrimdə Türküstanda siyasətimiz haqqında, bizim Əfqanıstana, Türkiyəyə, İrana və s. münasibətimiz barədə öz fıkrimi ardıcıl olaraq söyləmişəm.

Bütün bu məruzələrin əsas qayəsini belə bir mülahizə təşkil edir ki, və biz Qərbə həddən artıq aludə olub Şərqdən uzaqlaşırıq və inqilabımızın ilk günlərində bizim çağırışlarımızla qazanılan nə varsa onu itiririk. Qazanılan isə çox şey olmuşdu: bizim məzlum Şərqi xarici zülmkarlardan azad etmək və Şərqə öz həyatı ilə azad yaşamaq imkanı vermək vədimiz hamını Sovet Rusiyası ətrafında birləşdirirdi.

Bütün diqqət bizim tərəfə yönəldilmişdi və elə bir an var idi ki, Şərq siyasətini düzgün yürütsəydik, biz indi Avropaya hökm edə bilərdik. Hələ 19-cu ildə bu məruzələrdən birində mən deyirəm: "Yoldaş Çiçerin radio vasitəsilə Qərbdə sosial inqilab doğurmaq istəyir, lakin bu indi olmayacaq, belə ki, biz dağıdıcı müharibədən sonra kapitalistlərə öz fəhlələri ilə "razılaşmaq" imkanı vermişik, buna görə də Avropada sosial inqilab uzun sürən xarakter daşıyacaqdır və i.a."

MK çox güman ki, mənim bu sözlərimə əhəmiyyət vermirdi, lakin bir ildən artıq keçdikdən sonra, əgər səhv etmirəmsə, bu fıkri Kominternin konfransı (Görünür, N.Nərimanov Kominternin III konqresinin (iyun-iyul 1921-ci il) qərarlanı nəzərdə tutur) təsdiq etdi.

Bundan sonra yol. Çiçerin mənə yazır ki, indi biz Şərq siyasətinə xüsusi diqqət yetirməli oluruq və "Məzlum Şərqin azadlığı" şüarı günün şüarıdır və i.a.16

Bəlkə Şərq xalqları qurultayının çağırılması buna görə olmuşdur [Şərq xalqlanın birinci qurultayı 1920-ci il 1-7 sentyabrda Bakıda keçirilmişdi. V.İ.Lenin fəxri sədr seçilmişdi. Qurultayda 137 milləti təmsil edən 1891 nümayəndə iştirak etmişdi. Qurultay Şərq xalqlanın təbliğatı və fəaliyyəti Şurası seçdi, N.Nərimanov Şuran sədri oldu.].

Qurultayın ümumi təəssüratı belə idi: biz Şərq xalqları nümayəndələrinə göstərmək istəyirdik ki, necə gözəl və çox danışmağı bacarırıq, bizdə fotoqrafıya işi necə təkmilləşib ki, natiqləri bütün pozalarda çəkirlər və... başqa heç bir şey.

Lloyd Corc, Şərq xalqları nümayəndələrinin əllərində siyrilmiş xəncərlər, revəlverlər, qılınclar, bıçaqlar tutub Avropa kapitalına hədə-qorxu gələn fotoşəkli alıb, yəqin ki, gülümsəmiş və yol. Çiçerinə yazmışdır: "Biz Sovet Rusiyası ilə ticarət əlaqələrinə dair danışıqlar aparmağa razıyıq".

Bundan sonra mən yol. Çiçerİndən ikinci məktub alıram, bu məktubda o yazır ki, İran inqilabçılarına hər cür köməyi dayandırmaq lazımdır, belə ki, bu, İngiltərə ilə əlaqə yaratmaqda bizə mane olur.

Mən təsdiq edirdim ki, İranda azadlıq hərəkatını biz öz əlimizlə boğmuşuq, ona görə ki, Lloyd Corca belə lazım idi. Ona görə ki, Şərq siyasətini yoldaşlarımızın bəziləri belə başa düşürdülər.

Əslində yol. Çiçerinlə mənim məqsədim bir idi, yəni Avropada tez bir zamanda sosial inqilab doğurmaq və bununla da vəziyyətimizi xilas etmək.

Mən təsdiq edirdim ki, bunu hökmən Şərqdən başlamaq və bununla da Avropa kapitalizmini yağlı tikədən məhrum etmək, tez bir zamanda işsizlik yaratmaq, Avropanın ticarət-sənaye həyatında böhranı dərinləşdirmək, gücləndirmək lazımdır.

O isə, əksinə, Şərq məsələsini düşünmədən, təbliğat və Avropa kapitalı ilə yaxınlaşmaq yolu ilə Qərbi inqilab atəşilə alovlandırmaq istəyirdi.

Genuya [İqtisadi və maliyyə məsələləri üzrə Genuya konfransı 1922-ci il 10 aprel-19 mayda Genuyada (İtaliya) keçirilmişdir. Sovet nümayəndə heyəti Antanta blokunun iştirakçıları olan dövlətlərin çar Rusiyasının dövlət borcunun ödənilməsi haqqında və s. tələblərini rədd etmişdi. Bununla belə, sovet nümayəndə heyəti Sovet dövlətini hüquqi cəhətdən tanımaq və ona kreditlər vermək şərtilə keçmiş sahibkarların kompensasiya formaları haqqında məsələni müzakirə etməyə hazır olduğunu bildirdi. Eyni zamanda o, müdaxilə və blokada nəticəsində Sovet dövlətinə dəyən ziyanın ödənilməsi haqqında əks-iddialar irəli sürdü. Ümumi tərk-silah haqqında təklif irəli sürüldü, lakin Qərb dövlətləri bunu rədd etdilər. Genuya konfransında qaldırılan məsələlər həll edilmədi, onların bir hissəsi baxılmaq üçün 1922-ci il Haaqa konfransına keçirildi. Genuya konfransı gedişində sovet nümayəndə heyəti ona qarşı duran dövlətlərin vahid cəbhəsini yardı və Almaniya ilə Rappal müqaviləsi (1922-ci il) bağladı və sonrakı Haaqa [Haaqa beynəlxalq maliyyə-iqtisadi konfransı 1922-ci il 15 iyun-19 iyulda Genuya konfransının qərarına əsasən Haaqada (Niderlandiya) keçirilmişdir. Konfransın işində Almaniyadan başqa Genuya konfransının iştirakçısı olan bütün dövlətlərin nümayəndələri iştirak etmişdi. Sovet nümayəndə heyətinə MM.Litvinov başçılıq edirdi. Avropa dövlətləri kreditlər haqqında sovet təkliflərini müzakirə etməkdən imtina edərək, onun keçmiş sahibkarlarının milliləşdirilmiş mülkiyyətinin qaytarılmasını təkid edirdilər. Sovet nümayəndə heyəti bu tələbləri qəti surətdə rədd etdi. Haaqa konfransı əslində heç bir qərar qəbul etmədi.] konfransları zamanı olan yaxınlaşma və təbliğatdan yaxşısı olmayacaqdır.

Nəhayət, biz Avropanın sənaye həyatında iqtisadi böhrana, əsas etibarilə Versal müqaviləsinin [1919-cu il Versal sülh müqaviləsi - bu müqaviləyə əsasən 1914-1918-ci illərdə baş vermiş Birinci Dünya müharibəsinə rəsmi surətdə son qoyuldu. Versalda (Fransa) 1919-cu il iyunun 28-də məğlub olmuş Almaniya ilə və müharibədə qalib gəlmiş müttəfıq və birləşmiş dövlətlər arasında imzalanmışdır. Müqavilə Almaniya və dörd əsas müttəfiq dövlət - İngiltərə, Fransa, İtaliya və Yaponiya tərəfindən təsdiq edildikdən sonra 1920-ci il yanvarın 10-da qüvvəyə minmişdir. Müqavilənin şərtləri 1919-1920-ci illərdə Paris sülh konfransında işlənib hazırlanmışdı.] nəticələrinə ümid bəsləyirdik...

Lakin Fransanın Almaniyaya münasibətində bütün vəhşiliklərə baxmayaraq, Rurda fəhlələrin güllələnməsinə baxmayaraq yenə də alman proletariatı Fransa və Almaniya burjuaziyasının səhnə arxasında gedən oyununa hal-hazırda sakitcə dözür...
         Bununla belə, hadisələrin bütün gedişi mənim mülahizələrimi təsdiq edir.

Nəhayət, Genuyaya yola düşməzdən qabaq, yenə də Şərqdə [Onun Şərqdə RSFSR-in xarici siyasətinə dair 1922-ci ilin aprelində yazdığı məktub nəzərdə tutulur.] bizim siyasətimiz mövzusunda mən yol. Stalinə məruzə təqdim etmişdim ki, burada təxminən aşağıdakıları qeyd edirəm: "Genuya bizə heç bir şey verməyəcəkdir. Avropanı güzəştə getməyə məcbur etmək üçün, Şərq məsələsini düzgün səmtə yönəltmək vacibdir. Lakin bizim indiyə qədər yol verdiyimiz böyük səhvlərin nəticəsidir ki, Şərq daha bizə inanmır, o, məzlum kütlə simasında bizdən üz döndərmişdir, mən səhvlərin düzəldilməsi işinə ucqar respublikalarda, xüsusilə Türküstanda və Buxarada [N.Nərimanov ateist təbliğatı keçirilərkən partiya və sovet orqanlarının işində yerli əhalinin dini hisslərinin təhqir edilməsinin çoxsaylı və bəzən biabırçı hadisələri haqqında xatırladır.] başlamağı təklif edirəm. Yeri gəlmişkən, 19-cu ildən bütün məruzələrimdə Əfqanıstanla daha sıx əlaqə yaratmaq, Hindistanda daha da müvəffəqiyyətli inqilabi iş məqsədilə mən həmişə Türküstana diqqət yetirirəm ki, bu da Lloyd Corcun bütün planlarını alt-üst edərdi.

Əfqanıstanla [Əfqanıstan Avropa və Şərq ölkələri arasında gənc Sovet Rusiyası ilə müqavilə bağlayan birinci dövlət olmuşdur. Sovet hökumətinin tapşırığı ilə ilk əfqan səfirini N.Nərimanov qarşılamış və müşayiət etmişdir.] əlaqə yaratmaq haqqında məruzəmi yol. Leninin necə diqqətlə dinlədiyini mən indi xatırlayıram. Mən bu məruzədə, yeri gəlmişkən, belə bir fikir yürüdürdüm ki, bizim işğalçılıq məqsədi güdməyimizi əfqan kütlələrinə sübut etmək üçün çarizm dövründə Əfqanıstanla Rusiya arasında çəkişmə üçün bir bəhanə olan məlum torpaq sahəsindən keçmək vacibdir.

İngiltərə bu məsələdə Əfqanıstanı həmişə müdafiə edir və bununla da Rusiyanın işğalçılıq cəhdlərini sübuta yetirirdi.

Yol. Lenin bu məsələ ilə tanış olduqdan sonra mənə dedi: "Burada çox danışmayacağıq, verəcəyik. Mənim adımdan yol. Çiçerinə çatdırın ki, bu məsələ ixtilafa səbəb olmasın..."

Yol, Çiçerin məni dinləyib dedi ki, hərbi idarənin rəyi olmadan heç bir şey demək olmaz və deyəsən, hərbi idarəyə veriblər, o da məsələyə hərbi nöqteyi-nəzərdən yanaşmışdır, yəni Əfqanıstana rədd cavabı vermişdir.

Elə bu məqamda yol. Karaxan əlavə edib Əfqanıstan səfırinə demişdi: "Hələ məlum deyil, Buxara Respublikasına müstəqil yaşamağa imkan verəcəyikmi".

Əfqan səfiri öz təəccübünü mənə bildirib dedi ki, bundan sonra sizin sözlərinizə, yol. Leninin imzaladığı müraciətlərə inanmaq olarmı?

Mənim tərəfimdən bu barədə Leninə məlumat verilmişdi. Sonra nə oldu, bilmirəm.

Amma onu bilirəm ki, Əfqanıstanda İngiltərənin caynaqlarından xilas olmaq üçün Sovet hakimiyyətinin (Rusiyanın) qolları arasına atılmaq qəti qərara alınmışdı.

Yəqin ki, bizdən ümidini kəsən əfqan səfiri qəti bildirmişdi ki, o, Avropaya, İngiltərəyə gedir.

Yol. Çiçerinin Moskvadan Avropa ilə nəqliyyat əlaqəsinin olmaması cavabına, səfir Kabula qayıdıb və oradan Avropaya getmək haqqında qərarını bildirmişdi. Bunu etməməsi üçün nə qədər səy göstərmişdim.

Türküstanda bizim siyasətimizə və sonra oradan Əfqanıstanla əlaqə yaratmağa nə qədər ciddi əhəmiyyət verdiyimi məruzəmdən görmək olar ki, burada mən yol. Stalinə Genuyaya gedənə qədər yerlərdə bizim özümüzün yaratdığımız [Söhbət Genuyaya getməmişdən əvvəl, 1922-ci ilin aprelində Şərq siyasəti məsələlərinə dair yazılmış məktubdan gedir.] nöqsanlarla tanış olmaq üçün mənimlə birlikdə Türküstana yola düşməyi təklif edirdim.

Türküstandakı, Buxaradakı sonrakı hadisələr və Ənvərin avantürası – bütün bunlar məhz onun nəticəsidir ki, indiyədək biz Şərq məsələsində istiqamət götürə bilməmişik.

Genuyadan sonra mən yol. Stalindən soruşdum, mənim sonuncu məqaləmi oxumuşdurmu?

O cavab vcrdi ki, oxumuşdur və ümumiyyətlə, o mənim fikrimlə razıdır. Daha sonra mən bu mövzu barədə danışmadım, çünki hiss etdim ki, həqiqətən o, həmişəki kimi mənim irəli sürdüyüm ümumi vəziyyətlə razıdır, lakin bir çox mülahizələrə görə əməli iş gözləmək lazım deyil...

Burada mən bir çox məsələlərə toxunmuram, ona görə ki, inqilabımızın tarixini tamamlamaq üçün onlar haqqında bir qədər sonra ayrıca və daha ətraflı söhbət açacağam, lakin toxunulmuş məsələ ilə əlaqədar olaraq mən elə burada Azərbaycanda da bizim siyasətimiz haqqında söz açmağı lazım bilirəm.

Mən burada 19 və 20-ci illərdə Azərbaycanın sovetləşdirilməsinə qədər yazdığım məruzələrim haqqında qəsdən xatırlatdım.

Bu, bizim Şərq siyasətimizə dair öz fikirlərimin həyata kcçirilməsində nə qədər ardıcıl olduğumu göstərəcəkdir.

19-cu əsrin əvvəlində, Həştərxanda müalicə olduğum zaman mən türk dilində "Biz Qafqaza hansı şüarla gedirik" başlığı altında kitabça buraxdırmışdım.

Burada mən yeri gəlmişkən, 1918-ci ildə Bakıda bizim hakimiyyətimizin süqutuna gətirib çıxaran böyük səhvləri göstərirdim. Sonra bu kitabçada Sovet Azərbaycanında gələcək işin planı qısa şəkildə şərh edilir. Bu kitabça Azərbaycanda gizli fəaliyyət göstərən yoldaşlarımız tərəfindən tez bir zamanda yayılır və onların dediyinə görə kitabça fəhlə və kəndlilər arasında böyük müvəffəqiyyət qazanmışdı.

Səciyyəvi haldır ki, indi Azərbaycanın kəndliləri və fəhlələri, əsas etibarilə müsəlmanlar, bu kitabçadan sitat gətirərək mənə çatdırmaq istəyirdilər ki, hər şey kitabçada deyildiyi kimi həyata keçmir.

Bu kitabça ilə birlikdə mən Azərbaycanda baş nazir (Nazirlər Sovetinin sədrinə) Usubbəyova məktub göndərmişdim. Bu məktub sonralar bizim qəzetdə tam şəkildə dərc edilmişdi.

Bu zaman mən Moskvaya RKP MK-ya çağırılmışdım və burada mən Azərbaycanda bizim gələcək işimiz haqqında öz məruzəmlə çıxış etdim (RKP MK katibi Stasova, Smilqa və familiyası yadımda qalmayan məsul yoldaşlardan biri iştirak edirdilər).

Ümumiyyətlə, məruzənin bütün əsas müddəaları bəyənilmişdi.

Əsas məsələlərdən başlıca olaraq aşağıdakılar irəli sürülmüşdü:

1) Qərbdə bizim arzu etdiyimiz inqilabın gecikdiyini və uzun sürən xarakter daşıyacağını nəzərə alaraq, biz gərək Şərqlə əlaqə yaradaq ki, Avropanı bizimlə danışmağa məcbur etmək məqsədilə cəbhəni yarıb bununla da mühasirədən çıxaq.

2) Azərbaycanı sovetləşdirərkən Rusiyada etdiyimiz səhvlərə yol verməməli, yerli şəraitlə hesablaşmalı, müstəqil nümunəvi Sovet Respublikası yaratmalıyıq ki, Şərq zəhmətkeşləri, birincisi; bizim işğalçı imperialist məqsədlərimizin olmadığını bilsinlər və ikincisi; onlar görsünlər və hiss etsinlər ki, öz həyatlarını xanlarsız, bəylərsiz və başqaları olmadan qura bilərlər.

3) İri sənaye müəssisələrini ələ keçirərək, kiçiklərə toxunmamaq və ticarətə icazə vermək.

O zaman mən axırıncı bəndin ümumrusiya miqyasında da həyata keçirilməsini hələ cəsarətsiz təklif edirdim.

Mən hələ o zaman qəti əmin idim ki, biz buna gəlib çıxacağıq, lakin belə bir fıkri yaxın qoymurdum ki, bizim rejimdə küçələrdə sərxoşlar uzanıb qalacaqlar...

Beləliklə, Qafqaza yola düşüb, orada müstəqil nümunəvi Sovet Respublikası təşkil etmək və bununla da Şərqə pəncərə açmaq üçün mənə lazım olan vaxt gəlib keçdi (bir ildən sonra).

Yola düşməzdən qabaq yol. Lenin məni qəbul etdi və yuxarıda göstərilmiş layihəmi bəyəndi, xeyir-dua verdi.

Bakıya gedən zaman hələ yolda ikən öyrəndim ki, Bakı bizim qoşunlanmız tərəfındən alınmışdır.

Bu, bir qədər dəqiq deyil.

Bizim qoşunlar maneəsiz şəhərə girmiş və əhali onları mehribancasına qarşılamışdı.

Sən demə, Müsavat hökuməti hər şeydən ümidini üzüb akt tərtib etmişdi, burada deyilirdi ki, hakimiyyət müsəlman kommunistlərə verilir...

Biləcəridə məni bəzi yoldaşlar qarşıladılar, görünür, mənim gəlişimə çox sevinirdilər.

"Bəlkə Sizə qədər olan biabırçılıqlara son qoyulacaqdır".

Onlar belə dedilər.

Mən onları sakitləşdirdim ve gələcək çətin işdə mənə kömək etməyi xahiş etdim.

İnqilab Komitəsinin Rəyasət Heyəti o zaman məndən (sədrdən), Mirzə Davud Hüseynovdan (müavindən) və bir nəfər üzvdən Qarayevdən ibarət idi.

"Azərbaycanı başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər".

Bəzi yoldaşlar məni (onların arasında nə Qarayev, nə Hüseynov var idi) bu sözlərlə qarşılamışdılar".

İşlərlə tanış olduqdan sonra mən İnqilab Komitəsinin Rəyasət Heyətinin iclasını təyin etdim və o zaman faktiki olaraq hər şeyi idarə edən yol. Pankratovu dəvət etdim.

Mən belə bir məsələ qoydum ki, İnqilab Komitəsinin sanksiyası olmadan heç kim güllələnməsin.

Mirzə Davud Hüseynov və Qarayev bunun əleyhinə çıxdılar.

Beləliklə, hər şey əvvəlki kimi davam edirdi...

Sonra Moskvaya yola düşməzdən əvvəl yol. Orconikidze nəyə görə isə Mərkəzi Komitədə belə bir məsələ qoydu:

"Azərbaycan Respublikası müstəqilmi yaşamalı, yaxud tərkib kimi Sovet Rusiyasına daxil olmalıdır?"

MK üzvləri - Qarayev, M.D.Hüseynov belə bir fikir irəli sürürdülər ki, bizə heç bir müstəqillik lazım deyil, biz Azərbaycanı Sovet Rusiyasına [VJ.Lenin N.Nərirnanov, M.D.Hüseynov, Ə.Qarayev, R.Axundov və başqaları arasında baş vermiş mübahisənin həllində iştirak etmişdi. N.Nərimanov Azərbaycanın zəhmətkeş kəndli nümayəndələrini hakimiyyətin ali orqanlarına daha fəal cəlb etməyi, MNK-da kəndli təbəqəsini genişləndirməyi təklif edirdi. R.Axundov, M.D.Hüseynov və Ə.A.Qarayev yalnız fəhlə təbəqəsini genişləndirməyi təklif edirdilər. 1921-ci ildə Nərimanov ixtilafın məğzini Leninə izah etdi. Milli məsələdə və milli xüsusiyyətlərin nəzərə alınmasında güzəştlər tərəfdarı olan Lenin N.Nərimanovu müdafiə etdi. Onun özü RK(b)P Siyasi Bürosunun 1921-ci il oktyabrın 15-də qəbul edilmiş qərarlarının ən mühüm maddələrini hazırladı.] birləşdirməliyik.

Sonra Orconikidze mənə müraciət etdi və soruşdu: "Bu məsələ barədə siz nə fikirləşirsiniz, Sizin rəyiniz mənim üçün vacibdir".

Mən qəti şəkildə bildirdim: "Azərbaycan Respublikası Gürcüstan və Ermənistan sovetləşdirilənədək müstəqil olmalıdır, sonra isə baxarıq..."

Daha bir hadisə məni vadar etdi ki, ətrafımdakılara Azərbaycanın taleyini həll edənlərə diqqət yetirim.

Bir dəfə məşhur hörmətli bir qadın gözü yaşlı yanıma gəlib ailəsinin namusunu qorumağı xahiş edir.

O aşağıdakıları danışdi:

"Hökumət üzvü M.D.Hüseynov qızıma evlənməyi təklif etmiş, lakin qızım ona rədd cavabı verib başqa birisinə, elə onun yoldaşına ərə getməyə hazırlaşır.

İndi hər gecə EFKA-nm (EFKAFK fövqəladə komissiya (ÇK)) agentləri evimə girib axtarış aparır və mənim evimdə gələcək kürəkənimi axtarırlar. Uşaqlar tamam əsəbi olublar və demək olar ki, gecələr yatmırlar.

Mən bildirirəm ki, bu, M.D.Hüseynovun işləridir, xahiş edirəm məni müdafiə edin və s. və i.a.".

Onu sakitləşdirib Hüseynovu yanıma çağırdım və bu əhvalatı ona danışdım.

O qıpqırmızı oldu, başını aşağı saldı və mənim qəti xəbərdarlığımdan sonra dedi:

"Arxayın olun, daha bu təkrar olmayacaqdır".

Bir müddət keçdikdən sonra yenə bu qadın gəlib onu daha heç kimin narahat etmədiyini bildirdi və mənə təşəkkür etdi.

Bu əhvalat məni belə bir sual üzərində düşünməyə məcbur etdi, mən kimlərlə işləyirəm və Azərbaycanın taleyi kimlərin əlindədir.

Buna qədər mən Hüseynovun və onun məsləkdaşı Qarayevin çıxışlarına o qədər də əhəmiyyət vermirdim, lakin bilirdim ki, Hüseynov Müsavat partiyasının keçmiş katibi kimi və Qarayev menşevik kimi 18-ci ildə bizə qarşı çıxış edirdilər.

Mən Qarayevi yetkinləşməmiş bir oğlan uşağı kimi, lakin Hüseynovu aşkar, qatı millətçi kimi tanıyırdım.

Hələ dünənə qədər o, Hüseynov məni ona görə söyürdü ki, mən bir kommunist kimi 18-ci ildə azərbaycanlı kütlələrə Rusiya fəhlələrilə birləşməyi təklif edərkən, millətin mənafeyini satmışam.

İndi isə 20-ci ildə o, mənə qarşı çıxış edərək, hər yerdə məni millətçi kimi qələmə vermək istəyir.

Hüseynov yol. Çiçerinə yazır:

"Nərimanov sağ qanadda durur, mənsə sol, belə bir şəraitdə, çətin ki, onunla işləmək mümkün olsun".

Mənim üçün bir şey aydın idi: Hüseynov da, Qarayev də öz keçmişlərindən qorxurdular və hazırda heç bir qüvvəyə malik olmadıqları üçün solluq oyunu oynamalı idilər...

Onların keçmişini və daxili aləmini bilməyənlər, onlara inanıb təqdir edir və elə bilirdilər ki, bununla inqilaba xeyir gətirirlər.

Mən isə fikirləşmişəm və fikirləşirəm ki, ziyan gətirirlər.

Orconikidze və Kirov Zaqafqaziya respublikalarının iqtisadi şuralarını birləşdirmək barəsində M.D.Hüseynovun bir ay ərzində öz fikrini necə dəyişməsinin canlı şahididirlər.

Onlar (M.D.Hüseynov, Ə.Qarayev nəzərdə tutulur) müsəlman fəhlələrinin inkişaf səviyyəsini qaldırmağın zəruriliyi haqqında mənim tələblərimdə milli meyl görürdülər.

Mən bunu ona görə tələb edirdim ki, Bakıda proletariatın əksəriyyəti müsəlman fəhlələr idi.

Halbuki haqsızlıq və aşağı inkişaf səviyyəsinin nəticəsi olaraq bu əsl proletarlar rus, erməni fəhlələri kimi dövlət quruculuğunda iştirak etmirdilər.

Mən Bakı konfransının tarixi bir iclasını heç vaxt yadımdan çıxarmaram. Bu iclasda yol. Sərkisin (BEKA-nın katibi) BEKA-nın fəaliyyəti haqqında məruzəsindən sonra, bir sıra müsəlman fəhlələr çıxış edib eyni şeyi təkrar edirdilər:

"Yol. Sərkis düz danışmır. BEKA müsəlman fəhlələr üçün heç bir iş görmür, biz yol. Sərkisdən bir neçə dəfə xahiş etmişdik ki, bizim vəziyyətimizə diqqət yetirsin, məktəblər açdırsın, bizim dilimizi bilən komitə katibləri təyin etsin və s. və i.a., lakin indiyə qədər heç bir iş görülməmişdir".

Fəhlələrdən biri öz nitqini aşağıdakı sözlərlə bitirdi:

"Bu konfrans yol. Sərkisin bizə olan qayğısını göstərir. Baxın, burada nə qədər müsəlman fəhlələr var, nə üçün konfransın yalnız dörddə birini müsəlman fəhlələr təşkil edirlər. Halbuki partiyaçılar da istisna edilmədən müsəlman fəhlələr daha çoxdur. Mən bildirirəm ki, BEKA gizli fəaliyyət göstərən bir çox müsəlman fəhlələri heç bir səbəb olmadan partiyadan çıxarmışdır".

Bütün bu nitqlərdən sonra solluq oyunu oynayan Ruhulla Axundov da çıxış etdi və fəhlələri yalançı kimi qələmə verərək Sərkisi müdafıə etməyə başladı.

Bunu mən BEKA-nın və solluq oyunu oynamağa başlayanların fəaliyyətinin nümunəsi kimi misal gətirirəm.

Və qəribə deyilmi? RKP Siyasi Bürosunun Azərbaycanda [1921-ci il oktyabrın 17-də RK(b)P MK Siyasi Bürosunun iclasında qəbul edilmiş "Azərbaycanda Kommunist Partiyasının milli siyasətinin keçirilməsi haqqında" direktivləri nəzərdə tutulur. Direktivlərin layihəsi İ.Stalin, G.Orconikidze, N.Nərimanov, M.Hacıyev və M.Qasımovdan ibarət komissiya tərəfindən işlənib hazırlanmışdı. Direktivlərdə azərbaycanlıların milli, məişət xüsusiyyətlərinin nəzərə alınması zəruriliyi qeyd edilirdi. Zəhmətkeş kəndlilərin ehtiyaclarına birinci dərəcəli diqqət yetirilməsi kimi sinfı prinsip irəli sürülürdü. İnqilabın həmsərhəd ölkələrə irəliləməsi planında Azərbaycanın strateji vəziyyətini nəzərə alaraq onu nümunəvi Sovet Respublikasına çevirmək məqsədi qarşıya qoyulmuşdu. Azərbaycanın zəhmətkeş sinfinin sovet quruculuğu işinə daha geniş cəlb edilməsi qeyd edilir, bu zaman Kommunist Partiyasının, proletar və yarımproletar təbəqəsinin siyasi cəhətdən loyal nümayəndələrinin hesabına artırılmasına diqqət yetirmək məsləhət görülürdü. Azərbaycanlı kommunistlərin partiya işçisi sifəti ilə işləməsi üçün hazırlanmasına göstəriş verilirdi. Bunun üçün xüsusi məktəb yaratmaq və bu məsələ ilə əlaqədar hər üç aydan bir Qafqaz bürosuna və RK(b)P MK-ya məlumat vermək nəzərdə tutulurdu. Direktivlər, RK(b)P X qurultayının qərarlarını həyata keçirərək, partiya sıraları birliyinin təmin edilməsini, fraksiyaların və fraksiyaçı mübarizənin, partiyadan xaric edilməyə qədər qadağan edilməsini tələb edirdi. 17 oktyabr 1921-ci il tarixli direktivlər ayrıca vərəqə şəklində Azərbaycan və rus dillərində çap edilmiş, Azərbaycanın bütün partiya təşkilatlarının iclaslarında müzakirə olunmuşdu.] müsəlman fəhlələr arasında iş haqqında məlum direktivinə baxmayaraq, Qara şəhər kimi bir rayonda müsəlman fəhlələr üçün türk dram truppasının açılışı yalnız 1923-cü il fevralın 18-də oldu, halbuki elə burada rus dram teatrı iki ildir ki, fəaliyyət göstərir. Şəhərdən uzaqda yerləşən başqa rayonlarda necə? Müsəlman fəhlələr arasında baş vermiş çevrilişdən sonra keçən 2,5 il üçün Mikoyanın, Sərkisin və Mirzoyanm başçılıq etdiyi BEKA-nın işini, nəhayət, yoxlamaq lazımdır. İndiyə qədər solluq oyunu oynamış və oynayanların cinayətkar fəaliyyəti aydın şəkil alardı. O zaman mənim söylədiyim qeyri-normal qarşılıqlı münasibətlərin səbəbi də aydın olardı.

Yeri gəlmişkən, mən burada qeyd etməliyəm ki, partiyanın dağıdılması yol. Sərkis tərəfindən başlanmış, onun varisi Mirzoyan tərəfindən isə son həddə çatdırılmışdı.

Hər yerdə casusu olan və ancaq xəbərçiliklə yaşayan Mirzoyan, çox məhdud adam olub BEKA katibi hüquqlarından, bu qrupun fəaliyyətini tənqid etməyə cürət edənlərə qarşı intiqam silahı kimi istifadə edir. Fəaliyyətimdə ardıcıl olduğum üçün mən belə hadisələrə göz yuma bilmirdim, lakin mənim hər bir çıxışım "beynəlmiləlçi" Sərkis və Mirzoyan tərəfindən milli təmayüllü kommunistin çıxışı kimi şərh edilirdi.

Halbuki mənim üç məqsədim var idi:

1) İran üçün müsəlmanlardan işçi kadrlar yetişdirmək.

2) Hazırlıqlı türk fəhlələri vasitəsilə kəndlə bizim aramızda tez və yaxşı əlaqə yaratmaq.

3) İndi mövcud olan antoqonizmin sonralar türk və rus fəhlələri arasında olmaması.

Hal-hazırda antoqonizm cinayət həddinə çatmışdır. Sərkisin, sonra da Mirzoyanın göstərişilə ələ alınmış, daim konfransa seçilən müsəlman fəhlələrdən savayı, yerdə qalan müsəlman fəhlələr həmişə şikayət edirlər ki, onların mənafeyi nəinki heç kim tərəfindən mudafıə olunmur, hətta əllərində zavod komitələri olanlar, yəni ruslar və ermənilər tərəfindən zorakılıq göstərilir.

Mən iclaslarda rus fəhlələrinə dəfələrlə ərz etmişəm:

"Yol. rus fəhlələri, siz müsəlman fəhlələrindən daha hazırlıqlısınız, həyatınızın normal keçməsi üçün, hər bir rus fəhləsi on müsəlman fəhləsi hazırlamağa borcludur və ancaq bu halda bizim vəziyyətimiz möhkəm olacaqdır".



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info